Ralf Horlemann: "Almaniya Azərbaycanın enerji sektorunda daha çox iştirak etməyi səbirsizliklə gözləyir"

Biznes
  • 07 oktyabr, 2025
  • 11:06
Ralf Horlemann: Almaniya Azərbaycanın enerji sektorunda daha çox iştirak etməyi səbirsizliklə gözləyir

Almaniya Azərbaycandakı tərəfdaşları ilə birlikdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan istifadə etməkdə qərarlıdır.

"Report" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "Almaniya-Azərbaycan İxrac Maliyyə Konfransı 2025"in açılış mərasimində bildirib.

Səfir qeyd edib ki, son aylarda ölkələr arasında əməkdaşlıqda əhəmiyyətli irəliləyiş, eləcə də çox düzgün və müsbət istiqamətdə hərəkət müşahidə olunur.

"Bir il yarım əvvəl Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərliyi ilə 50-yə yaxın şirkətdən ibarət olan böyük biznes nümayəndə heyəti burada olub. Onlar sadəcə biznes üçün deyil, həm də imkanları öyrənmək və vəziyyətlə tanış olmaq üçün gəlmişdilər. Mən bu inkişafın əsasında üç əsas tendensiyanın dayandığını görürəm. İlk növbədə, bu, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesidir – o, regionda həm sülhə, həm də daha böyük sabitlik və iqtisadi inkişafa ümid verir. Bu, çox mühüm və güclü siqnaldır. İkinci amil son aylarda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni dinamik münasibətlərdir ki, bu da Brüsseldən Bakıya və əks istiqamətdə çoxsaylı səfərlər sayəsində mümkün olub", - R.Horlemann bildirib.

Diplomat vurğulayıb ki, bu, Azərbaycanın ən böyük ticarət və investisiya tərəfdaşı olan Aİ-nin bu regionda fəal olmaqda qətiyyətli olmasının yaxşı göstəricisidir.

"Üçüncü tendensiya xüsusilə bu ilin aprelində Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı özünü daha aydın büruzə verib: Almaniya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Son vaxtlarda əməkdaşlığın perspektivli istiqamətlərini müəyyən edən yol xəritəsi imzalanıb, həmçinin son aylarda biz Almaniya şirkətlərinin fəallığını müşahidə edirik: məsələn, qaz sektorunda - SEFE və SOCAR arasında saziş və yaxud Almaniyanın Azərbaycanda elektrik avtobuslarının istehsalı və ya yığılması imkanlarını nəzərdən keçirən MAN şirkətinin marağı. Biz həmçinin enerji sektorunda, xüsusilə də bərpa olunan enerji mənbələri sahəsində daha çox iştirak etməyi səbirsizliklə gözləyirik. Biz hamımız uzun illərdir potensial haqqında danışırıq və düşünürəm ki, bu potensialı reallığa çevirməyin vaxtı çatıb. Almaniya biznesi hökumətimizin dəstəyi ilə buna hazırdır", - o vurğulayıb.

Səfirin sözlərinə görə, Almaniya hökuməti ölkə ixracatçıları və investorlarına müxtəlif üsullarla dəstək göstərir.

"Bu, ikitərəfli biznes əməkdaşlığının inkişafı üçün Almaniya hökumətinin ən vacib alətidir. Mən burada böyük potensial, pozitiv hərəkət görürəm. Və biz, Almaniya hökuməti olaraq, bir neçə həftə əvvəl burada hər iki ölkənin İqtisadiyyat nazirliklərinin iştirakı ilə yüksək səviyyəli işçi qrupunun iclasını keçirdik. İclasda gələcək əməkdaşlığımızın çoxsaylı aspektləri və perspektivləri müzakirə olunub və biz Azərbaycandakı tərəfdaşlarımızla birlikdə bu imkanlardan istifadə etməkdə qərarlıyıq", - R.Horlemann əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti