"PostEurop" Aİ-nin maliyyələşdirdiyi layihələrə yanaşmaları yenidən nəzərdən keçirəcək
- 07 oktyabr, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Dövlət Poçt Operatorları Assosiasiyası (PostEurop) konkret nəticələr üzrə səmərəliliyin qiymətləndirilməsinə başlayacaq və Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi layihələrin formatını yenidən nəzərdən keçirəcək.
"Report" xəbər verir ki, bunu "PostEurop"un sədri Yelena Fernandes-Rodriges Bakıda keçirilən "PostEurop 2026" Baş Assambleyası və biznes forumunda bildirib.
"PostEurop" yenilənmiş idarəetmə modelini təsdiqləməyi, səmərəliliyin qiymətləndirilməsi sistemində ölçülə bilən nəticələrə yönəlməyi və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə yanaşmaları yenidən dəyərləndirməyi planlaşdırır", - o bildirib.
Y.Fernandes-Rodriges qeyd edib ki, təşkilatın əsas prioritetlərinə qurulmuş idarəetmə sisteminin möhkəmləndirilməsi və təşkilati strukturun strateji məqsədlərlə daha dəqiq sinxronlaşdırılması aiddir.
Onun sözlərinə görə, assosiasiya əsas səmərəlilik göstəriciləri (KPI) sistemində islahat hazırlayır.
"Əvvəllər biz fəallıq səviyyəsinin qiymətləndirilməsinə əsaslanan KPI-lardan istifadə edirdik, lakin indi əldə olunan nəticələri əks etdirən göstəricilərə diqqət yetirmək niyyətindəyik. Əminəm ki, bu mərhələ bizim üçün məhsuldar olacaq", - assosiasiya rəhbəri vurğulayıb.
"PostEurop" sədri, həmçinin təşkilatın Aİ-nin qrant və investisiya proqramlarında iştirak formatının yenilənməsinin vacibliyini qeyd edib.
"Biz Avropa İttifaqının maliyyələşdirdiyi layihələrin gələcək rolunu yenidən dəyərləndirmək niyyətindəyik. 20 ildir biz bu cür təşəbbüslərdə iştirak edir və başa düşürük ki, bu gün daha nəticəyönümlü fəaliyyət göstərmək və üzvlərimiz üçün real dəyəri təmin etmək məqsədilə bizə bu sistemin fəaliyyət mexanizmləri və Aİ-nin maliyyələşdirdiyi layihələrlə bağlı rəqabət mühiti haqqında daha ətraflı təsəvvür lazımdır", - Y.Fernandes-Rodriges vurğulayıb.