Orxan Məmmədov: "Azərbaycanda "yaşıl enerji" üzrə dəyər zəncirində KOB-lar iştirak edə bilər"
- 29 oktyabr, 2025
- 11:51
KOB sektoru Azərbaycanın "yaşıl enerji" strategiyasının həyata keçirilməsinə əhəmiyyətli töhfə vermək imkanına malikdir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.
O qeyd edib ki, "yaşıl enerji"nin istehsalı və logistika prosesindən "yaşıl enerji" texnologiyalarının istehsalına qədər dəyər zəncirinin müxtəlif həlqələrində KOB subyektləri iştirak edə bilərlər: "Ölkəmizdə elektroenergetika sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, aktiv istehlakçının dəstəklənməsi mexanizminin mövcudluğu və ölkəmizin "yaşıl enerji" ixracatçısı kimi hədəflərin olması kiçik güclü bərpa olunan enerji layihələrinin icrasında KOB subyektlərinin potensialından istifadə üçün geniş imkanlar yaradır".
O. Məmmədovun sözlərinə görə, ümumilikdə, KOB sektoru "yaşıl iqtisadiyyat" və "yaşıl enerji" transformasiyasında mühüm rol oynayır: "Ölkəmizdə fəaliyyət göstərən bizneslərin 99,7 %-nin KOB subyektləri təşkil etdiyini və burada 400 min nəfərdən artıq işçi qüvvəsinin cəmləşdiyini nəzərə alsaq, KOB sektorunun əhəmiyyətini əyani şəkildə təsəvvür etmək mümkündür. KOB-lar həm özləri "yaşıl" və qənaətli enerji istehlakını artıra bilər, həm də öz işçi heyəti arasında bu cür təcrübələrin tətbiqini genişləndirə bilər".