Ömer Bolat: "Türkiyə-Azərbaycan əlaqələri tarixdə ən yaxşı dövrünü yaşayır"
- 23 dekabr, 2025
- 11:13
Türkiyə-Azərbaycan əlaqələri tarixdə ən yaxşı dövrünü yaşayır.
"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat Bakıda keçirilən II Azərbaycan-Türkiyə investisiya forumunda bildirib.
Onun sözlərinə görə, "Bir millət, iki dövlət" anlayışı ilə iki ölkənin münasibətləri Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyi ilə ən yüksək səviyyəyə çatıb: "Siyasi sahədə, diplomatiyada, iqtisadiyyatın hər bir sahəsində - enerji, nəqliyyat, kənd təsərrüfatı, ticarət, sənaye, həmçinin təhsil, mədəniyyət, turizm və sosial sahələrin hər birində zirvə dövrünü yaşayırıq. Azərbaycanın müstəqilliyinə qovuşduğu gündən bəri münasibətlərimizin bu qədər yüksək səviyyəyə çatması və qazandığınız böyük uğurlar hamımızı sevindirir və qürurlandırır".
Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri ilk növbədə enerji sahəsində çox böyük məsafələr qət edib: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Trans-Anadolu Qaz və Trans-Adriatik Qaz Boru Kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri münasibətlərimizin inkişafına çox böyük töhfələr verdi. Ticarətimiz də eyni şəkildə çox sürətli inkişaf nümayiş etdirir".
Bundan başqa, onun sözlərinə görə, son 10 ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 3 dəfədən çox artaraq 2,4 milyard ABŞ dollarından 8 milyard ABŞ dollarına yüksəlib: "Türkiyə Azərbaycanın ixracında ikinci, Azərbaycanın idxalında isə üçüncü yerdədir. Hədəfimiz qarşılıqlı ticarətimizin ümumi ticarət dövriyyələrimizdə birinci yerə yüksəlməsi olmalıdır. Çünki Azərbaycan bizim həm Müstəqil Dövlətlər Birliyi ölkələrinə, xüsusilə Türk dünyası ölkələrinə çıxışımızda onsuz da çox önəmli bir qovşaq nöqtəsində yerləşir".