Avropa ölkələrində "MiniBoss" modeli daha səmərəli tətbiq oluna bilər
- 13 iyun, 2026
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
"MiniBoss Business School" modelinin Avropa ölkələrində tətbiqi tərəfdaşlıq baxımından səmərəli ola bilər.
Bunu "Report"a açıqlamasında "MiniBoss" biznes məktəbinin təsisçisi Nərminə Həsənova bildirib.
Onun fikrincə, Avropa dövlətlərində bu təşəbbüs daha nəticəyönümlü ola bilər: "Amerika yaxud uzaq Asiya regionlarını da nəzərdən keçirmək mümkündür, lakin həmin bölgələr coğrafi baxımdan daha uzaq məsafədədir.
Avropaya yaxın olan ölkələrdə isə bu modelin həyata keçirilməsi həm bizim üçün, həm də tərəfdaşlıq aspektindən daha məhsuldar ola bilər. Biz artıq müxtəlif ölkələrdəki uşaqların düşüncə formalarını müəyyən dərəcədə tanıyırıq. Rəqabət məsələsinə gəlincə, hesab edirəm ki, bizim şagirdlərimiz bir çox hallarda yüksək göstəricilər nümayiş etdirə biləcəklər".
N.Həsənova vurğulayıb ki, "MiniBoss" biznes məktəbi Azərbaycanda artıq 6 ildir fəaliyyətini davam etdirir: "Ümumi hesabla "MiniBoss"un 26 illik təcrübi bilik bazası mövcuddur, məktəb çoxsaylı ölkələrdə öz işini aparır. Əgər tərəfdaşlarımız başqa dövlətlərdə də məktəbin fəaliyyət dairəsinin genişləndirilməsi barədə qərar qəbul etsələr, biz bu təşəbbüsü müdafiə edərik".