Naxçıvandan ixrac olunan malların müqabilində 3 milyon dollara yaxın vəsait geri qaytarılıb
- 24 oktyabr, 2025
- 10:40
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvandan ixrac olunan malların müqabilində olan ümumilikdə 2 milyon 835 min 527 ABŞ dolları məbləğində vəsaitin şəxslərin Azərbaycandakı müvəkkil banklarda olan hesablarına köçürülməsi təmin edib.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov İdarədə 9 ay ərzində görülmüş işlər və cari ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci il yanvar-sentyabr ayları ərzində muxtar respublikanın ərazisindən tranzit hərəkət edən nəqliyyat vasitələrinin sayında 24 min 686 ədəd və ya 20 % azalma müşahidə olunub.
O qeyd edib ki, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, texniki nəzarət vasitələrindən səmərəli istifadə olunması, əməkdaşların bilik və bacarıqlarının yüksəldilməsi, əməliyyat məlumatları əsasında şübhəli şəxslər və nəqliyyat vasitələri ilə bağlı müəyyən edilmiş risk profillərinə uyğun gömrük nəzarəti tədbirlərinin həyata keçirilməsi sayəsində hüquqpozma hallarına qarşı mübarizə daha da gücləndirilib: "Bu ilin yanvar-sentyabr ayları ərzində Baş İdarə tərəfindən 48 cinayət xarakterli fakt üzrə ilkin təhqiqat aparılıb. İcraatda olan cinayət işləri üzrə təqsirləndirilən şəxslərin 18-i Azərbaycanın, 30-u isə xarici ölkə vətəndaşı olub. Narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin qaçaqmalçılığı faktları üzrə ayrı-ayrılıqda ümumilikdə çəkisi 140 kq 310,981 qram qurudulmuş marixuana, 59,881 qram həşiş, 4,378 qram həşiş qətranı, 101 kq 900 qram maye halında (bərk halda 5 kq 355,488 qram) metamfetamin, 148 ədəd diazepam (0,48 qram), 118 ədəd alprazolam (0,14 qram), 39 ədəd preqabalin (5,075 qram), 120 740 ədəd siqaret və 131 538 manat dəyərində gömrük nəzarətinə bəyan edilməyən mallar aşkarlanaraq götürülüb".
İdarənin rəqəmsal inzibatçılıq şöbəsinin rəisi Emin Eylazov "Qiymətləndirmə meyarlarını" müqayiəsli şəkildə video təqdimatla iclas iştirakçılarının diqqətinə çatdırıb.
Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev tədbirə yekun vuraraq qeyd edib ki, Komitə rəhbərliyinin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq Naxçıvanda gömrük işi sahəsində daha yüksək nəticələrin qazanılması, qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə icra olunması, ticarətin asanlaşdırılması, gömrük orqanlarının fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəldilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma hallarının qarşısının alınması, sahibkarlıq subyektlərinin, vətəndaşların və gömrük əməkdaşlarının məmnunluğunun artırılması, ölkəmizin milli və iqtisadi təhlükəsizliyinin etibarlı şəkildə qorunması üçün bütün imkanlar səfərbər ediləcək.