Moldova rəsmisi: "Azərbaycan şirkətləri infrastruktur layihələrimizə cəlb edilə bilər" - MÜSAHİBƏ

Biznes
  • 24 sentyabr, 2025
  • 13:29
Moldova rəsmisi: Azərbaycan şirkətləri infrastruktur layihələrimizə cəlb edilə bilər - MÜSAHİBƏ

Azərbaycan və Moldova arasında münasibət həm siyasi-iqtisadi, həm də mədəni-humanitar sahələrdə sürətlə inkişaf edir.

Bu baxımdan iki ölkə arasında baş tutan yüksək səviyyəli qarşılıqlı səfərlər böyük rol oynayır, münasibətlərinin strateji xarakterini nümayiş etdirir.

Rəsmi şəxslərin görüşləri ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi, o cümlədən enerji, kənd təsərrüfatı, nəqliyyat və infrastruktur sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar açır. Bu məsələlərlə bağlı "Report"un suallarını "Invest Moldova" Agentliyinin direktoru Natalia Bejan cavablandırıb. Məlumat üçün bildirək ki, bu qurum Moldovanın Baş Nazirinin Ofisinin nəzdində fəaliyyət göstərir, adından göründüyü kimi ölkəyə investisiyaların cəlb edilməsi ilə məşğuldur.

- Azərbaycanla Moldova arasında iqtisadi münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- İqtisadi münasibətlərimiz sabit şəkildə inkişaf edir, əməkdaşlığın şaxələndirilməsinə maraq getdikcə artır. Son iki ildə, xüsusilə Azərbaycan tərəfdən yatırımlarda canlanma müşahidə olunur. Bununla yanaşı, qeyri-sabitlik dövründən sonra ticarət dövriyyəsində də artım var. Azərbaycan Moldova üçün mühüm tərəfdaşlardan birinə çevrilib, tərəflər arasında qarşılıqlı dostluq münasibətləri nəzərə çarpır. İqtisadi əməkdaşlıq kontekstində enerji sektoru xüsusi əhəmiyyət kəsb edir. Moldova isə Azərbaycana dərman preparatları, emal olunmuş qida məhsulları və sənaye malları ixrac etməklə mövqeyini möhkəmləndirib. Bu, iki ölkə arasında ticarətdə müəyyən tarazlıq yaratmaqdadır.

-İki ay əvvəl Azərbaycan-Moldova biznes forumu keçirilib. Forum tərəfdaşlığın inkişafına nə töhfə verib?

- Forum institusional əməkdaşlığın inkişafı üçün mühüm platforma rolunu oynayıb. Burada hər iki tərəfin müvafiq nazirlikləri, o cümlədən rəhbərlik etdiyim qurumla Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi bir araya gəlib. Forumdan sonra keçirilən şəbəkələşmə mərhələsi çox önəmli olub. Burada biznes sektorları arasında əlaqələrin qurulması və yeni tərəfdaşlıqların yaradılması üçün real platforma formalaşıb. Bizim üçün hər forum iki əsas məqsədə xidmət edir - bir tərəfdən iqtisadi imkanların təbliği və tanıdılması, digər tərəfdən isə şirkətlərin bir araya gələrək investisiya və ticarət üçün tərəfdaşlıqlar qurması baxımından önəmlidir.

Moldova tərəfdən tədbirdə dörd şirkət iştirak edib ki, onlar içki sənayesini təmsil edirdi. Biz həmçinin forumdan sonra şərab və içki dequstasiyası keçirdik. Bakıdakı distributorlarla çox mühüm əlaqələr qurduq. Tərəfdaşlıq müzakirələri hələ də davam edir. Hələ ki, imzalanmış müqavilə olmasa da, yaxın gələcəkdə bunun reallaşacağına dair güclü potensial mövcuddur.

-Azərbaycan və Moldovanın ixrac üçün prioritet hesab edə biləcəyi məhsullar hansılardır?

- Azərbaycanda Moldovada istehsal olunan əczaçılıq məhsullarına böyük maraq var. Əslində, bu məhsullar ölkənizə ixrac etdiyimiz əsas məhsullardır və daha çox potensialın mövcud olduğunu görürük. Enerji sahəsində əməkdaşlığı qorumaq bizim üçün xüsusilə vacibdir. Biz əmin olmalıyıq ki, enerji məhsullarına ehtiyacımız artdıqda Azərbaycandan təchizat imkanımız olacaq. Bununla belə, əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac olan sahələr mövcuddur. Bunlardan biri İKT sektorudur. Moldovada İT və biznes xidmətləri sahəsi kifayət qədər inkişaf edib və İT şirkətləri üçün sadələşdirilmiş vergi rejimi təklif edən cəlbedici İT parklarımız mövcuddur. Eyni zamanda, Kişinyov və Bakı arasında turizm sahəsində də istifadə olunmamış böyük potensial mövcuddur. Uzunmüddətli tarixi əlaqələr və ölkələrimiz arasında davamlı dostluq bu əməkdaşlığın inkişafı üçün yaxşı zəmin yaradır.

-Siz IT sektorundan bəhs etdiniz - bu sahədə konkret addımlar atılır, yoxsa bu, yeni mərhələnin başlanğıcıdır?

-Forum çərçivəsində hər bir ölkənin potensialı və rəqabətədavamlı üstünlükləri ətraflı müzakirə olunub. IT sahəsində prioritet istiqamət Moldovadakı şirkətlərlə əlaqələrin qurulmasıdır. Burada əsas diqqət özəl sektorun maraqlarına yönəldilməlidir. Buna görə də Moldovadakı özəl şirkətlərlə dialoq aparılmalı, hansı şirkətlərin xüsusilə Azərbaycana marağının olduğu müəyyən edilməli, daha sonra həmin şirkətlər birlikdə Azərbaycana dəvət edilməli və eyni yanaşma digər tərəfdə də tətbiq olunmalıdır. Bu məqsədlə AZPROMO ilə birlikdə biznes missiyaları mübadiləsi aparmaq üzrə ilkin cəhdlər edilib. Sentyabrın sonunda Bakıda investisiya forumu təşkil olunacaq. Təəssüf ki, bu tədbir Kişinyovda təşkil etdiyimiz Moldova Biznes Həftəsi ilə üst-üstə düşür. Bu səbəbdən cari ay üçün fəaliyyətlər ayrı yollarla həyata keçiriləcək. Lakin əminliklə qeyd etmək olar ki, sonrakı mərhələdə müzakirələr davam etdiriləcək və bu sahədə irəliləyiş əldə etmək üçün uyğun mexanizmlər müəyyən ediləcək.

– Azərbaycanın Moldovadakı biznes fəaliyyəti ilə bağlı baxışınız necədir? Azərbaycan şirkətləri burada artıq mövcuddurmu, yoxsa Moldovan bazarında fəaliyyət qurmaq istiqamətində artan maraq müşahidə olunur?

– Hazırda Moldovada təqribən 100 Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib. Bu, kifayət qədər diqqətəlayiq və təşviqedici göstəricidir. Azərbaycanın Moldovaya davamlı şəkildə investisiya yatırması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. 2023-cü ildə investisiya həcminə görə rekord göstərici-5 milyon ABŞ dolları qeydə alınıb ki, bu da gələcək inkişaf üçün möhkəm zəmin yaradır. Moldovadakı Azərbaycan kapitallı şirkətlər arasında iki nümunə xüsusilə fərqlənir. Birincisi, azərbaycanlı iş adamına məxsus "Bemol" neft şirkətidir ki, bu da ölkə üzrə ən geniş şəbəkəyə malik və tanınmış yanacaqdoldurma məntəqələrindən birini idarə edir. İkincisi isə Moldovanın inkişafında mühüm rol oynayan, tikinti və infrastruktur layihələri ilə məşğul olan "Evrazkol" şirkətidir. Hər iki şirkət yalnız miqyası ilə deyil, eyni zamanda ölkənin milli iqtisadiyyatına göstərdiyi əhəmiyyətli təsirlə də seçilir.

-Azərbaycandan Moldovaya yeni investisiyalar gözlənilirmi?

-Təbii ki, hər bir investorun qərar verməsi müəyyən vaxt tələb edir. Bu baxımdan əsas məqsədimiz Azərbaycanla fəal tərəfdaşlığın qurulması, mümkün qədər çox azərbaycanlı sahibkarın və investorun Moldovanın iqtisadi və ticarət imkanları ilə yaxından tanış olmasını təmin etməkdir. İnvestisiya qərarı adətən qısa müddətdə -bir ay ərzində, bəzən isə bir il ərzində belə verilmir. Bunun üçün həm qarşılıqlı etimad, həm də möhkəm biznes-plan vacibdir. Artıq bir sıra potensial Azərbaycan investorları ilə danışıqlar aparırıq. Bu prosesdə Kişinyovdakı Azərbaycan səfirliyinin mühüm rolunu xüsusilə qeyd etmək istərdim. Ümid edirəm ki, gələn ildən Moldova iqtisadiyyatına daha çox Azərbaycan şirkətinin sərmayə yatırmasının şahidi olacağıq.

-Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin artırılması imkanı varmı?

- Ölkələr arasında ticarət dövriyyəsi illər ərzində dəyişib, lakin son tendensiya müsbətdir və artım üçün aydın potensial mövcuddur. Bununla belə, ticarət dövriyyəsinin artımında əsas çətinliklərdən biri logistika ilə bağlıdır. Ölkələrimiz çox uzaqda deyil, amma birbaşa qonşu deyillər, buna görə daha səmərəli nəqliyyat marşrutları üzərində işləməliyik. Eyni zamanda, Moldovaya yalnız yerli bazar kimi deyil, həm də Avropa İttifaqına (Aİ) açılan qapı kimi baxmaq lazımdır. Bizim Aİ ilə azad ticarət sazişimiz ixracımızı əhəmiyyətli dərəcədə artırıb və biz Azərbaycan biznesini Moldovanı Avropaya körpü kimi istifadə etməyə təşviq edirik.

-Moldova Azərbaycan bazarını həm investisiya, həm də ticarət imkanları baxımından necə qiymətləndirir?

-Ümumilikdə yanaşmamız müsbətdir. Çox vaxt biznes subyektləri hökumətlərin və ya rəsmi qurumların dostluq və məhsuldar əməkdaşlıq istiqamətində verdiyi aydın mesajları gözləyirlər. Bu mənada son dövrlərdə Moldova ilə Azərbaycan arasında münasibətlərin intensivləşməsi və institusional əməkdaşlığın güclənməsi nikbinlik üçün əsas yaradır. Biznes forumları, rəsmi görüşlər və ikitərəfli tədbirlər tərəflərin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir və bu, öz növbəsində, işgüzar dairələri hər iki ölkədə yeni investisiya imkanlarını dəyərləndirməyə təşviq edir. Moldova üçün prioritet həm Azərbaycan investorlarının cəlb edilməsi, həm də moldovalı sahibkarların Azərbaycan bazarına çıxış imkanlarının dəstəklənməsidir.

-Azərbaycanda Qarabağ bölgəsində genişmiqyaslı bərpa və infrastruktur layihələri həyata keçirilir. Bu istiqamətdə müzakirələr aparılıbmı?

-Azərbaycana səfərimiz zamanı Qarabağda icra edilən infrastruktur layihələrinin miqyası, o cümlədən hava limanları və digər strateji obyektlərin tikintisi bizdə dərin təəssürat yaradıb. Müzakirələr zamanı əsas mövzulardan biri bu sahədə zəngin təcrübəyə malik Azərbaycan şirkətlərinin cəlb edilməsinin perspektivi olub. Məlumdur ki, Azərbaycan artıq Qarabağ regionunda bir neçə hava limanını istifadəyə verib. Moldovada isə hazırda infrastrukturun inkişafı strateji prioritetdir. Bu, ölkəmizin Aİ-yə üzvlük istiqamətində apardığı siyasətlə birbaşa bağlıdır. Moldova Aİ-yə namizəd ölkədir və 2030-cu ilə qədər tamhüquqlu üzvlüyü hədəf kimi müəyyənləşdirib. Aİ-yə inteqrasiya yalnız siyasi seçim deyil, eyni zamanda uzunmüddətli sabitlik və investorlar üçün proqnozlaşdırıla bilən mühitin təminatıdır.

Bu kontekstdə bir sıra mühüm infrastruktur layihələrinin reallaşdırılması planlaşdırılır. Buraya avtomobil yollarının yenidən qurulması, yeni magistral xətlərin inşası, ölkənin yeganə dəniz limanının genişləndirilməsi və hava limanı infrastrukturunun təkmilləşdirilməsi daxildir. Hazırda Moldovada iki hava limanı fəaliyyət göstərir, onlardan biri ötən il sərnişin axınında 40 %-dən çoxu artım qeydə alaraq tam gücü ilə işləyir. Bundan əlavə, Moldovanı Rumıniyadan ayıran çay üzərində yeni körpülərin inşası nəzərdə tutulur. Bu, həyati əhəmiyyət daşıyır, çünki Rumıniya Moldovanın Avropa bazarına quru yolu ilə çıxışını təmin edən əsas keçid nöqtəsidir.

Bütün bu layihələr Moldovanın etibarlı və yüksək peşəkarlığa malik tərəfdaşlara ehtiyacını göstərir. Bu səbəbdən artıq Azərbaycan şirkətlərinin iştirakı ilə əməkdaşlıq imkanları müzakirə edilir. Qarabağda aparılan genişmiqyaslı bərpa işləri Azərbaycanın bu sahədə qazandığı təcrübəni nümayiş etdirir. Moldova isə Aİ-yə namizəd dövlət olaraq iddialı infrastruktur gündəliyinə malikdir. Buna görə də, böyükmiqyaslı layihələrin icrasında təcrübəsi sübut olunmuş Azərbaycan şirkətləri ilə əməkdaşlıq və bilik mübadiləsi üçün əhəmiyyətli potensial mövcuddur.

-Moldova Biznes Həftəsi və Azərbaycan şirkətlərinin iştirakına dair məlumat verə bilərsinizmi?

– Moldova Biznes Həftəsi əsas iqtisadi platformamızdır, beş gün davam edir və 32 sektoral istiqamətli tədbirdən ibarətdir. Əsas məqsəd şəbəkələşmə və tərəfdaşlıq imkanlarını təşviq etməkdir. Bu il artıq 20-dən çox ölkədən 560-dan artıq iştirakçı qeydiyyatdan keçib. Əsas məqamlar arasında yeni Moldovan–Rumıniya birjasının açılışı və bərpa olunan enerji sahəsində, xüsusilə külək enerjisi və batareya anbarları üzrə tenderin keçirilməsi yer alır. Bundan əlavə, aparıcı moldovalı şirkətlərə və infrastruktur obyektlərinə, o cümlədən yeganə limanımıza tədris səfərləri təşkil olunur. Azərbaycan şirkətləri və qurumlarını bu vacib həftə ərzində iştirak etməyə və imkanları araşdırmağa səmimi şəkildə dəvət edirik.

-Hazırda hansı ölkələr Moldovaya investisiya qoyur və bu əsasən hansı sahələrə yatırılır?

-Aİ-yə üzvlükdən əvvəl belə Moldova iqtisadi baxımdan Avropa ilə sıx inteqrasiya olunub. İxracımızın təxminən 67%-i artıq Aİ ölkələrinə yönəlir, xarici birbaşa investisiyaların isə 87%-i Aİyə üzv dövlətlərdən gəlir. Aparıcı investorlar arasında Rumıniya, Kipr, Niderland, Almaniya, Birləşmiş Krallıq, Bolqarıstan və Fransa yer alır. Xüsusilə, Rumıniya 2015-ci ildən investisiyalarını ardıcıl olaraq artırır. İnvestisiya cəlb edən əsas sahələr maliyyə, istehsalat və informasiya texnologiyalarıdır. Bank sistemimizdə xarici kapitala malik banklar dominantlıq təşkil edir ki, bu da əhəmiyyətli kapital deməkdir. İstehsalat sahəsi də nəzərəçarpacaq səviyyədə investisiya cəlb edir, informasiya texnologiyaları sektoru isə, az kapital tələb etməsinə baxmayaraq, xüsusilə Moldova IT Parkında sürətlə inkişaf edir. Rusiya investisiyaları mövcuddur, lakin bunlar əvvəlki yatırımlardır və son illərdə yeni layihələr həyata keçirilməyib.

Moldovanın Aİ-yə üzvlüyü iqtisadiyyata necə təsir edəcək?

– Üzvlük prosesi mərhələli və güclü strukturlandırılıb, bu isə iqtisadiyyatımız üçün qəfil şoklar və yaxud gözlənilməz vəziyyətlərin yaranmayacağını təmin edir. Moldova artıq ticarət, investisiya və hətta turizm sahəsində Aİ ilə yaxın inteqrasiya olunub; vətəndaşlarımız liberal viza rejimindən faydalanırlar. Aİ-yə üzvlük bu inteqrasiyanı rəsmiləşdirəcək, bütün sahələrdə yüksək keyfiyyət standartlarını təmin edəcək. Biz qanunvericiliyimizi addım-addım Aİ standartlarına uyğunlaşdırırıq, həm dövlət, həm də özəl sektorlar mərhələli tənzimlənir ki, bu da keçid dövründə sabitliyi təmin edir.

Son xəbərlər

Bütün Xəbər Lenti