Mikayıl Cabbarov: "Azərbaycan təkcə coğrafi deyil, digər sahələrdə də mərkəz rolunu oynayır"
- 22 sentyabr, 2025
- 10:21

Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bütün iqtisadi kapitallaşması baxımından, Azərbaycan burada təbii olaraq təkcə coğrafi deyil, həm də logistika, energetika və bir çox digər sahələrdə mərkəz rolunu oynayır.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan və region üçün dəyər təklifini məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır: "Forum çərçivəsində biz bir tərəfdən parçalanmış iqtisadiyyatı, digər tərəfdən isə inkişaf etməkdə olan iqtisadiyyatların rolunu müzakirə edirik. Daha geniş region baxımından Azərbaycan iqtisadi cəhətdən Yaxın Şərq regionuna da aid edilir və bu təsadüfi deyil. Çünki həyata keçirilən vizioner layihələr – ənənəvi güclü enerji sektorundan diversifikasiya istiqamətində, həmçinin siyasi çərçivə və kontekst baxımından daha aydın görünən iqtisadi inteqrasiyaya yönəlib".
Nazir qeyd edib ki, çox vaxt Şərq–Qərb xətti haqqında danışırıq və bu, şübhəsiz, önəmli olaraq qalacaq: "Fikrimcə, bağlantılar mövzusunda çox maraqlı bir panel olacaq və mən hər kəsi həmin paneldə iştirak etməyə dəvət edirəm. Lakin düşünürəm ki, Şimal-Cənub xətti də ən azı bu səviyyədə diqqətlə izlənilməli bir istiqamətdir".