Məcnun Məmmədov: "Latviya ilə ticarət əlaqələrini genişləndirmək niyyətindəyik"
- 15 aprel, 2026
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Latviya ilə ticarət əlaqələrini genişləndirmək niyyətindədir.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu kənd təsərrüfat naziri Məcnun Məmmədov Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi üçün geniş potensial mövcuddur:
"Biznes forumları, ixrac məhsulları üzrə məlumat mübadiləsi və beynəlxalq sərgilərdə fəal iştirak işgüzar əlaqələrin inkişafında mühüm rol oynayacaq. Orta Dəhliz Avropa ilə Mərkəzi Asiya və Çini birləşdirən etibarlı marşrutdur və tərəfdaşları bu imkanlardan istifadə etməyə dəvət edirik".
Nazir əlavə edib ki, ərzaq təhlükəsizliyi və kənd təsərrüfatında əməkdaşlıq genişləndirilə bilər.
"Azərbaycan Latviya ilə kənd təsərrüfatı sahəsində də əməkdaşlığı genişləndirmək niyyətindədir. Ərzaq təhlükəsizliyi qlobal çağırış olaraq qalır və bu sahədə birgə fəaliyyət vacibdir. Azərbaycan kənd təsərrüfatında rəqəmsal və "yaşıl transformasiya"ya xüsusi önəm verir. Latviyanın heyvandarlıq, südçülük və meşəçilik sahəsində təcrübəsi bizim üçün maraqlıdır və bu istiqamətdə əməkdaşlıq imkanları genişdir. İnnovativ aqrar sistemlərin tətbiqi məhsuldarlığın artırılmasına və ətraf mühitə təsirin azaldılmasına xidmət edəcək".
M.Məmmədov qeyd edib ki, 2025-ci ildə Azərbaycanın Latviyadan kənd təsərrüfatı və emal məhsulları idxalı 10,4 milyon ABŞ dolları təşkil edib:
"Bu idxalın əsas hissəsini süd məhsulları, şəkər siropları və balıq məhsulları təşkil edib. Eyni dövrdə Azərbaycanın Latviyaya ixracı 3,1 milyon ABŞ dolları olub. İxracın əsasını isə fındıq, alkoqollu içkilər və təzə meyvələr təşkil edib".