Macarıstan səfiri: "Türk Genom Layihəsi"nin həyata keçirilməsini təklif edirik
- 24 oktyabr, 2025
- 13:50
Macarıstan "Türk Genom Layihəsi"nin həyata keçirilməsini (türklərin genetik xəritəsinin hazırlanmasını) təklif edir.
"Report" xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Yojef Torman Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci Toplantısında bildirib.
"Bu, Macarıstanın Tibb Universitetini və Elmi-Tədqiqat İnstitutunu beynəlxalq səviyyədə tanıdan sahədir", - deyə o qeyd edib.
Bundan başqa, səfir deyib ki, TDT-nin əsas və müşahidəçi üzvləri zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyə malikdir: "Əməkdaşlığın mümkün istiqamətləri kimi kosmik müşahidə, səhralaşmaya qarşı mübarizə metodlarının araşdırılması, su resurslarının idarə edilməsində süni intellektin tətbiqi ola bilər. Diqqətinizi o fakta çəkmək istərdim ki, TDT-nin Quraqlığın qarşısının alınması İnstitutu Budapeştdə fəaliyyət göstərir. Biz bu məsələdə əməkdaşlığa hazırıq".
Onun sözlərinə görə, Macarıstan Avropa texnoloji, sənaye və sosial proqramlarında iştirak edən bir ölkədir və bu sahədə TDT ilə işləməyə hazırdır: "Rəqəmsal və yaşıl texnologiyalarda zəngin təcrübəmiz var. Buna görə də biz süni intellekt, 5G, 6G şəbəkələri, robototexnika, superkompüterlər, blokçeyn texnologiyaları daxil olmaqla yeni yaranan texnologiyaların böyük çağırışlarına hazırıq. Bu çağırışlarla qarşılaşma yolunda milli strategiyaların və tənzimləmələrin hazırlanmasında təcrübə toplamışıq. Bəzi hallarda müxtəlif texnologiyaları, tətbiqləri və bu texnologiyaların istifadəsini harmonizə edərək tənzimləmələrimizi hətta Avropa İttifaqından əvvəl yaratmışıq. Hesab edirik ki, milli innovasiya ekosistemlərimizin inkişafına töhfə vermək üçün əməkdaşlığı davam etməliyik. Bu işdə ən yaxşı təcrübələrimizə əsaslanaraq bir-birimizi dinləyə bilərik".