KPMG: Daxili qaydalarımız işçilərimizin Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlığını qadağan edir

Biznes
  • 02 fevral, 2018
  • 11:34
KPMG: Daxili qaydalarımız işçilərimizin Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlığını qadağan edir

Bakı. 2 fevral. REPORT.AZ/ "KPMG-nin Dağlıq Qarabağda heç bir nümayəndəliyi yoxdur və olmayıb".

“Report” xəbər verir ki, bu barədə audit şirkətinin Azərbaycan nümayəndəliyi KPMG-nin Dağlıq Qarabağ ərazisində iddia olunan fəaliyyəti ilə bağlı son zamanlar ölkə mediasında yer alan məlumatlara aydınlıq gətirmək üçün yaydığı məlumatda deyilir.

Açıqlamaya görə, 2016-cı ilin əvvəlində KPMG şirkəti MDB-də münaqişə ərazilərində fəaliyyəti məhdudlaşdıran daxili qaydalar təsdiqləyib və öz fəaliyyətində bu məhdudiyyətləri tətbiq edir.

“Sözügedən qaydalar KPMG-nin işçilərinin, KPMG-yə aid şəxslərin və şirkətlərin Dağlıq Qarabağa getməsini, orada işləməsini və Dağlıq Qarabağdakı şirkətlərlə əməkdaşlıq etməyi qadağan edir. "KPMG Azerbaijan" KPMG-nin müstəqil üzv şirkətlər şəbəkəsinin üzvüdür. KPMG MDB-də beynəlxalq hüquqa və fəaliyyət göstərdiyi bütün ölkələrin qanunlarına hörmətlə yanaşdığını təsdiq edir və KPMG MDB-də Azərbaycanın tətbiq olunan qanunvericiliyinə daim əməl edir”, - deyə məlumatda qeyd olunub.