Eskpert: “Daşınmaz əmlak sektorunda tam sakitlik hökm sürür”

Biznes
  • 14 aprel, 2020
  • 14:50
Eskpert: “Daşınmaz əmlak sektorunda tam sakitlik hökm sürür”

“Bu ilin ilk rübü ərzində daşınmaz əmlak bazarında əvvəlki illərə nisbətən xeyli zəifləmə baş verdi. Adətən yanvar-fevral aylarında bazarda alıcılıq qabiliyyəti normal olurdu. Bazarda dinamikliyin zəifləməsi ilk olaraq neftin qiymətinin ucuzlaşması ilə başladı. Neftin qiyməti düşən kimi insanlar ev almaq əvəzinə pullarını dollara çevirməyə başladılar. Satılan mənzillər yalnız sosial evlər və ipoteka ilə verilmiş mənzillər oldu”.

Bu fikirləri “Report”a açıqlamasında bu ilin ilk üç ayı üzrə daşınmaz əmlak bazarında baş verən prosesləri şərh edən əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Ekspert bildirib ki, koronavirus yayılandan etibarən daşınmaz əmlak sektorunda tam sakitlik hökm sürür:

“Bu sakitliyin digər ölkələrlə sərhədlərin bağlanması, bəzi bank əməliyyatlarında məhdudiyyətlər olması, regionlardan Bakıya gəliş-gediş olmaması və digər səbəbləri var. Əlavə olaraq ev almaq istəyənlər olsa belə, ev satanlar virus təhlükəsinə görə öz evlərinə kənar adamları buraxmırlar. Həmçinin “evdə qal” kampaniyası aparıldığına görə insanların ev alması prosesi dayanıb. Kirayə bazarı tamamilə çöküb. Mağaza və apteklər istisna olmaqla, demək olar ki, bütün obyektlər bağlıdır. Karantin müddəti bitəndən sonra bazarın yenidən bərpa olunması uzun müddət vaxt aparacaq. Karantinə qədər min manata icarədə olan obyekt karantindən sonra ən yaxşı halda 500 manata icarəyə verilə bilər. Çünki bu proseslərdən sonra iqtisadiyyatın düzəlməsinə müəyyən vaxt lazımdır. Rayon qeydiyyatında olanlar, bölgələrdə evləri olanlar virusdan qorunmaq üçün şəhərdən kənara üz tutublar. Gediş-gəlişin bərpa olunması, onların şəhərə qayıdışı bir qədər vaxt aparacaq. Bu vəziyyət düzələndən sonra kirayə bazarında da irəliləyiş ola bilər.

Təkrar mənzil bazarında bir müddət çətinlik yaşansa, ilkin mənzil bazarında davamiyyət təmin ediləcək. Çünki ilkin mənzil bazarında satılan yeni tikilən binalardakı mənzillər binanı tikən şirkətlər tərəfindən həm daxili kredit, həm də uzunmüddətli bank kreditlə satılır. Ona görə də bu mənzillərə tələbat olacaq. Təkrar mənzil bazarında isə bir müddət sakitlik hökm sürəcək. Yay aylarında onsuz da əmlak bazarında digər aylara nisbətən sakitlik olur. Bu sahənin əvvəlki vəziyyətinə qayıtması üçün ən azı sentyabra qədər vaxt lazımdır”.

Ekspert vurğulayıb ki, bazarı canlandırmaq üçün dövlət tərəfindən xüsusi addımlar atılmalıdır:

“Əmlak bazarını ayağa qaldırmaq üçün dövlət müəyyən addımlar atmalıdır. Məsələn, dövlət ipotekası kimi sosial layihəli kreditlər ayrılmalıdır. Bu gün dövlət ipotekasını almaq üçün dövlət işçisi olmalısan və ya yüksək maaşın olmalıdır. Amma nəzərə almayıq ki, hər kəs dövlət sektorunda işləmir. Bu sahəni dirçəltməkdən ötrü özəl sektorda işləyən adamlar üçün həmin dövlət ipotekası kimi kreditlər ayrılmalıdır. Azərbaycanda iqtisadiyyata ən güclü töhfə verən sahələrdən biri daşınmaz əmlak sahəsidir. Söhbət mənzil satışından deyil, binaların tikilməsindən gedir. Tikintinin canlanması üçün addımlar atılmasa, bunun mənfi təsirləri böyük ola bilər.

İlin əvvəlində fərdi yaşayış evləri ilə bağlı böyük gözləntilər var idi. Artıq mart ayında bütün sənədsiz həyət evləri çıxarışla təmin olunmalı idi. Bu gün təxmini statistikaya görə, Bakı və Abşeron ərazisində 500 mindən çox sənədsiz həyət evi var. Bu isə heç də az rəqəm deyil. Eyni zamanda fərdi evlərin sənədləşmə prosesində sadələşmələr aparılmalıdır. Bu sahəyə də kreditlər ayrılsa, müəyyən irəliləyişlər ola bilər”.