KOBİA-nın təlim və məsləhətlərindən 9 ayda 9 500-dən çox şəxs yararlanıb

Biznes
  • 23 oktyabr, 2023
  • 11:55
KOBİA-nın təlim və məsləhətlərindən 9 ayda 9 500-dən çox şəxs yararlanıb

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) göstərdiyi ödənişsiz təlim və məsləhət xidmətlərindən 9 500-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

Bu barədə "Report"a KOBİA-dan bildirilib.

Məlumata görə, 9 ay ərzində qurum 648 təlim keçirib, 1 300-ə yaxın məsləhət xidməti göstərib, 400-dən çox biznes plan hazırlayıb.

Hesabat dövründə Agentliyin KOB inkişaf mərkəzləri sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi, mövcud biliklərinin artırılması üçün 648 təlim keçirib. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib.

Bu dövrdə KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1266 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. KOBİA kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 424 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 420 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

Bu dövrdə 20 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.