KOBİA-nın rəhbəri: “Qara Dəniz regionunda fəaliyyət göstərən analoji qurum və təşkilatlarla yaxından əməkdaşlıq etməyə hazırıq”

Biznes
  • 02 noyabr, 2018
  • 07:24
KOBİA-nın rəhbəri: “Qara Dəniz regionunda fəaliyyət göstərən analoji qurum və təşkilatlarla yaxından əməkdaşlıq etməyə hazırıq”
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov
Report/ Elchin Murad

Bakı. 2 noyabr. REPORT.AZ/ “Kiçik və orta sahibkarlığın dayanıqlı inkişafı dünya ölkələrində iqtisadi siyasətin tərkib elementi kimi hər zaman prioritet təşkil etməkdədir. Bu istiqamətdə ölkəmizdə də uğurlu islahatlar həyata keçirilməkdədir”.

“Report”un məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən Qara Dəniz Regionunda orta və kiçik sahibkarlığın inkişafına həsr olunmuş biznes forumda bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış KOBİA bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, eləcə də kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artırılmasına xidmət edəcək: “Fəaliyyətə başlamasından az müddət keçməsinə baxmayaraq qarşımıza qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədilə hazırda agentlik bir sıra strateji təşəbbüslər reallaşdırmaqda, “Kiçik və Orta Biznes Evləri”nin yaradılması ilə bağlı işlər aparmaqdadır. Bu evlərdə bir məkan prinsipi əsasında dövlət təşkilatlarının G2B xidmətləri və B2B xidmətləri operativ şəkildə təmin ediləcək, sahibkarlar bu evlərdə çoxsalyı dəstək tədbirləri ilə əhatə olunacaq. Eyni zamanda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması ilə bağlı işlərə də başlanıb. Əminik ki, bu sahibkar evləri ölkəmizin yeni innovativ brendi kimi təqdim ediləcək. Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, biz əldə edilmiş müsbət təcrübələrin, eləcə də, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə tətbiq olunan yeniliklərin mübadiləsində maraqlıyıq”.

O.Məmmədov onu da deyib ki, agentlik bütün fəaliyyət istiqamətləri üzrə sahibkarlar, investorlar, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək: “Hesab edirik ki, Qara Dəniz ölkələrinin biznes dairələri arasında yeni əlaqələrin qurulması və mövcud əlaqələrin genişləndirilməsi üçün potensial genişdir. Bu potensialın reallaşdırılması üçün bu kimi biznes forum və tədbirlərin təşkili istiqamətində müvafiq qurumlar birgə səylərini artırmalı və regionda fəaliyyət göstərən kiçik və orta biznes subyekləri arasında işgüzar münasibətlərin inkişafını təşviq etməliyik. Bir sözlə, KOBİA yeni yaranmış qurum olmasına baxmayaraq Qara Dəniz regionunda fəaliyyət göstərən analoji qurum və təşkilatlarla yaxından əməkdaşlıq etməyə hazırdır. Tədbirin təqdim etdiyi bu platformadan istifadə edərək iş adamlarını sıx əməkdaşlığa dəvət edirəm”. 

44 filmi