Kambocalı ekspert: "Asiya ölkələri qlobal çağırışlara birgə cavab verə biləcək"

Biznes
  • 09 sentyabr, 2025
  • 14:25
Kambocalı ekspert: Asiya ölkələri qlobal çağırışlara birgə cavab verə biləcək

25-30 ildən sonra bir çox Asiya ölkələri yeni nəsilin gətirdiyi demoqrafik dividendlərdən faydalana biləcək.

"Report" xəbər verir ki, bunu Kambocanın Asiya Vizyonu İnstitutunun prezidenti Chheng Kimlong AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən "Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri" panelində çıxışı zamanı bildirib.  

Onun sözlərinə görə, gənc nəsilin siyasi proseslərdə iştirakı, innovasiya və iqtisadi fəallığı regionun inkişafını daha da sürətləndirəcək.  

C. Kimlong qeyd edib ki, Asiya regionu bir tərəfdən müxtəlif çağırışlarla üz-üzədir, digər tərəfdən isə mühüm üstünlüklərə sahibdir: "Asiya ölkələrinin əhalisi hələ də nisbətən gənc və dinamikdir, lakin Yaponiya, Çin və Cənubi Koreyada yaşlanan cəmiyyətlər müşahidə olunur ki, bu da uzunmüddətli planlaşdırmada xüsusi diqqət tələb edir".  

Onun sözlərinə görə, Asiya ölkələri arasında mədəni bağlar güclüdür, xalqlar arasında oxşarlıqlar əməkdaşlığı asanlaşdırır: "Bununla yanaşı, mövcud fərqliliklərə hörmətlə yanaşmaq vacibdir".  

Asiya Vizyonu İnstitutunun prezidenti əlavə edib ki, region ölkələri yaxın gələcəkdə "Asian İcma Regionu 2045" təşəbbüsünü elan edib. Bu təşəbbüsün məqsədi qarşılıqlı əməkdaşlığı gücləndirmək, iqtisadi, sosial və texnoloji sahələrdə qarşılıqlı tamamlanmanı təmin etməkdir. Onun sözlərinə görə, təşəbbüs hələ ilkin mərhələdədir, lakin 2045-ci ilə qədər region daha səmərəli koordinasiya və əməkdaşlıq imkanlarına sahib olmağa çalışacaq.  

C. Kimlong həmçinin vurğulayıb ki, Asiyada rəqəmsal texnologiyalar sürətlə inkişaf edir: "Cənubi Asiyada elektron ticarət sektoru genişlənir, Şimali Asiyada isə rəqəmsal texnologiyaların istifadəsi daha çox yayılıb. Bu dinamika region iqtisadiyyatına əlavə güc verir. Bununla yanaşı, ölkələr davamlı inkişaf və ətraf mühitin qorunmasına da xüsusi önəm ayırır. Enerji istehlakının artan rəqəmsal təsirləri nəzərə alınaraq, "yaşıl" təşəbbüslər və resursların səmərəli istifadəsi diqqət mərkəzində saxlanılır".  

Onun sözlərinə görə, Asiya ölkələrinin üstünlükləri yalnız iqtisadi və texnoloji sahələrlə məhdudlaşmır: "Mədəni, sosial və siyasi bağlar da uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Region, gələcəkdə qlobal çağırışlara birgə cavab vermək və yeni imkanlardan faydalanmaq üçün böyük potensiala malikdir"