İtaliyada zavod alınması Azərbaycanın bu ölkə ilə əməkdaşlığını gücləndirə bilər

Biznes
  • 30 aprel, 2025
  • 15:15
İtaliyada zavod alınması Azərbaycanın bu ölkə ilə əməkdaşlığını gücləndirə bilər

İtalyanın “Acciaierie d'Italia SpA” (keçmiş “Ilva”) polad şirkətinin "Baku Steel Company" QSC (BSC) və "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AIC) konsorsiumu tərəfindən alınması Azərbaycan və İtaliya arasında əməkdaşlığın gücləndirilməsində mühüm addım ola bilər.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliyanın “Agenzia Nova” nəşrinə müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, “Acciaierie d'Italia”ya gəlincə, hökumət tərəfindən təyin edilmiş komissarlar yaxın vaxtlarda şirkətin satışı ilə bağlı BSC və AIC konsorsiumu ilə eksklüziv danışıqlara başlayıblar: “Bu, tərəfdaşlığımızı dərinləşdirmək üçün əla fürsət ola bilər. Çünki söhbət Azərbaycanın İtaliya və Avropaya ən böyük investisiyasından gedir".

Onun sözlərinə görə, sövdələşmə təkcə Azərbaycan üçün deyil, həm də İtaliya üçün strateji əhəmiyyət daşıyır: “Çünki bu, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorlarında diversifikasiyasına, İtaliya üçün isə sənaye ekosisteminin inkişafına töhfə verir”.

Səfir vurğulayıb Ki, Azərbaycan konsorsiumunun təklifi tenderdə təqdim edilmiş ondan çox təklif arasında ən cəlbedici olub: “Bu, fikrimcə, özlüyündə tərəflərin niyyətlərinin ciddiliyini və strateji əlaqələrin gücləndirilməsinə çalışdığını nümayiş etdirir".