İstanbul Sənaye Palatası: Türkiyə və Azərbaycan sənaye əməkdaşlığı uzunmüddətli nəticələr verəcək - EKSKLÜZİV

Biznes
  • 31 oktyabr, 2025
  • 12:53
İstanbul Sənaye Palatası: Türkiyə və Azərbaycan sənaye əməkdaşlığı uzunmüddətli nəticələr verəcək - EKSKLÜZİV

Türkiyə sənayesinin dərin bilik və təcrübəsinin Azərbaycan bazarındakı istehsal potensialı ilə birləşdirilməsi çox uğurlu nəticələr verə bilər.

Bunu "Report"a açıqlamasında İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvü Aynur Ayhan bildirib.

Onun sözlərinə görə, Türkiyə əsasən Avropa bazarına ixracyönümlü istehsal həyata keçirdiyi üçün bu sahədə ciddi intizam və idarəetmə sisteminə malikdir:

"Bu təcrübəni Azərbaycan bazarındakı istehsal potensialı və rəqabət mühiti ilə birləşdirdikdə çox uğurlu nəticələrin əldə ediləcəyinə inanıram. Burada əsas məsələ doğru sektorların bir-biri ilə düzgün uyğunlaşdırılmasıdır".

A. Ayhan hesab edir ki, gələcəyin sənaye trendlərini düzgün analiz etmək bu prosesdə mühüm rol oynayacaq:

"Qlobal səviyyədə Şərqdə Çin, Qərbdə isə ABŞ faktoru ön plandadır. Çin qiymət, ABŞ isə kəmiyyət və istehsal həcmi üzrə rəqabət aparır. Biz isə yaxın coğrafiyamızda bu iki model arasında daha səmərəli istehsal və satış mexanizmini müəyyənləşdirməliyik".

O qeyd edib ki, hazırda bu istiqamətdə atılan addımlar ilkin mərhələdir:

"Bu, sabah nəticə verəcək bir proses olmasa da, orta və uzunmüddətli dövrdə çox vacib bir addımdır. Hazırda biz tanışlıq, qarşılıqlı əlaqə və gələcək əməkdaşlıqların inkişafı üçün təməl yaradırıq".

A. Ayhanın fikrincə, regiondakı iqtisadi dəyərləri "bərabər paylaşım iqtisadiyyatı" prinsipi ilə artırmaq mümkündür:

"Artıq "hər şeyi təkbaşına mən edim" dövrü geridə qaldı. Dünya dəyişir - köhnə kitablar bağlanır, yeni tarix yazılır. Bu dəyişimi düzgün yönləndirmək üçün uzaqgörənlik, dəqiq analiz, səbir, əmək və əməkdaşlıq vacibdir. Yalnız bu yolla Türk dövlətləri, o cümlədən Azərbaycan və Türkiyə sənaye inteqrasiyasında güclü rol oynaya bilərlər".

O əlavə edib ki, hər bir Türk dövləti öz sahə prioritetini müəyyən etməlidir:

"Məsələn, Azərbaycan enerji sektorunda, digər bir türk dövləti kənd təsərrüfatında, başqası isə kimya və ya digər sahələrdə ixtisaslaşa bilər".

Son xəbərlər

Bütün Xəbər Lenti