İslam Əməkdaşlıq Təşkilatının KOB-lar Şəbəkəsi yaradılır
- 07 oktyabr, 2025
- 12:33

Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) KOB-lar Şəbəkəsinin yaradılmasına qərar verilib.
"Report" xəbər verir ki, Şəbəkənin ilk təsis toplantısı keçiriləcək.
Şəbəkənin yaradılmasında məqsəd İƏT çərçivəsində KOB-lara dəstək verən qurumların əməkdaşlığını gücləndirməkdir.
Xatırladaq ki, iki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir. Forumda yerli və xarici ölkələrdən olan aidiyyəti qurumların nümayəndələri, sahə üzrə ekspertlər, akademik dairələr, sahibkarlar və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək.
"AZHAB Forumu 2025" konfrans və sərgi olmaqla iki hissədən ibarətdir. Konfrans çərçivəsində halal sənayenin ənənəvi sahələri, o cümlədən maliyyə və turizm mövzuları, halal biznesin idarəolunması, yaşıl keçid, biznesdə qadınların rolu və digər yeni istiqamətlər müzakirə ediləcək. Həmçinin, forumun ilk iclası İƏT çərçivəsində KOB-lara dəstək göstərən qurumların əməkdaşlığının gücləndirilməsinə xidmət edən "İƏT-in KOB-lar Şəbəkəsinin" (OIC-SMENET) rəsmi təsis mərasiminə həsr olunacaq.