İƏT rəsmisi: "Ümid edirik ki, əksər müsəlman ölkələri Qarabağa sərmayə qoyacaqlar"

Biznes
  • 09 oktyabr, 2025
  • 14:38
İƏT rəsmisi: Ümid edirik ki, əksər müsəlman ölkələri Qarabağa sərmayə qoyacaqlar

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əksər müsəlman ölkələrinin Qarabağa sərmayə qoyacaqlarına ümid edir.

Bunu "Report"a açıqlamasında İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Ahmad Kavesa Sengendo bildirib.

"Azərbaycan işğaldan azad etdiyi ərazilərini - Şuşa şəhərini və digər bölgələri bərpa etdikcə, ümid edirik ki, əksər müsəlman ölkələri bu ərazilərə sərmayə qoyacaqlar. Azərbaycan İƏT-in mühüm üzvüdür və bir çox sahələrdə əsas rol oynayır, təşkilatın bütün əsas tədbirlərində fəal iştirak edir və bir neçəsinə ev sahibliyi edir. Bu əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarıq və hesab edirik ki, gələcəkdə bu əlaqələr daha da güclənəcək",- deyə o qeyd edib.

Müşavir əlavə edib ki, İƏT Azərbaycanın neft-qaz, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində əldə etdiyi böyük təcrübədən faydalanmaq istəyir. O, vurğulayıb ki, Azərbaycanın ixrac üçün çoxsaylı məhsulları var və əməkdaşlıq mexanizmləri vasitəsilə ticarət əlaqələrinin daha da genişlənməsi gözlənilir.

"Azərbaycan strateji mövqedə yerləşir və Mərkəzi Asiya ilə əlaqələri asanlaşdıran mühüm nəqliyyat qovşağıdır. Artıq bir çox Azərbaycan məhsulları, o cümlədən qida məhsulları, Mərkəzi Asiya ölkələrinə ixrac olunur. Gözlənilir ki, Azərbaycan Afrika və Ərəb dünyasında da iqtisadi fəaliyyətini artıracaq," – deyə İƏT rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, qarşıdakı aylarda Azərbaycanda bir sıra mühüm tədbirlər keçiriləcək: "Ən önəmlisi isə 2026-cı ildə Bakıda İƏT Sammitinin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, İslam İnkişaf Bankının illik toplantısı da gələn il Bakıda baş tutacaq".

Qonaq Bakıda keçirilən II Azərbaycan Halal BiznesForumuna da toxunub və bunu regionda halal sənayesinin inkişafı üçün ümidverici hesab edib: "Gözlənilir ki, Bakı regionda halal sənayesinin inkişaf mərkəzinə çevriləcək, burada həm halal, həm də əlaqəli məhsullar istehsal olunaraq müsəlman ümmətinə xidmət göstərəcək".

Bu ilin yanvar-avqust aylarında Azərbaycanla İƏT ölkələri arasında ticarət dövriyyəsinin dəyəri təxminən 6 milyard ABŞ dolları təşkil edib. Azərbaycanda İƏT ölkələrinin təxminən 11 min şirkəti fəaliyyət göstərir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti