Humay Əhmədbəyli: KOBİA qadın sahibkarlığının inkişafına dəstək göstərir

Biznes
  • 10 sentyabr, 2025
  • 16:05
Humay Əhmədbəyli: KOBİA qadın sahibkarlığının inkişafına dəstək göstərir
Humay Əhmədbəyli

Azərbaycanda qadın sahibkarların sayı artır, dövlət onlara hərtərəfli dəstək göstərir.

"Report"un məlumatına görə, bu barədə Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 13-cü Beyin Mərkəzləri Forumu çərçivəsində keçirilən tədbirdə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Beynəlxalq Əməkdaşlıq Şöbəsinin baş mütəxəssisi Humay Əhmədbəyli bildirib.

Onun sözlərinə görə, effektiv iqtisadi və sosial inkişaf üçün cəmiyyətdə qadınların potensialından istifadə etmək lazımdır: "Azərbaycanda kiçik biznesin yaradılmasına və özünüməşğulluğa fəal maraq göstərən qadın sahibkarların sayı artır. Agentlik qadın sahibkarlığının dəstəklənməsi üçün təlimlər və seminarlar daxil olmaqla bir sıra tədbirlər həyata keçirir. 2024-cü ildə 300-ə yaxın qadın sahibkar və biznes qurmağı planlaşdıran qadın agentliyin strukturuna daxil olan inkişaf mərkəzlərində təlim və məsləhətlərdən yararlanıb".

H.Əhmədbəylinin sözlərinə görə, həmçinin sahibkarlara üç il ərzində mənfəət vergisindən azad edən qrantlar və startap sertifikatları təqdim olunur.

"Gənclərin dəstəklənməsi ilə birlikdə qadın sahibkarlığının inkişafı regionda dayanıqlı iqtisadiyyatın və innovasiyaların təşviqində əsas rol oynayır. Düzgün dəstəklə (maliyyələşdirməyə çıxış, mentorluq və bazar əlaqələri) qadın sahibkarlar iqtisadiyyata və ətraf mühitə real təsir göstərə bilərlər", - o əlavə edib.