Gürcüstana “ulduz axını”- Bruno Mars,  “Imagine Dragons” və digər məşhurlar konsertlə çıxış edəcək

Biznes
  • 15 avqust, 2023
  • 11:40
Gürcüstana “ulduz axını”- Bruno Mars,  “Imagine Dragons” və digər məşhurlar konsertlə çıxış edəcək

Gürcüstanda hökumətin dəstəyi ilə “Starring Georgia” kampaniyası çərçivəsində dünya miqyaslı ulduzların konsertləri başlayıb.

Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə ölkənin və regionun ən böyük “Black Sea Arena” konsert zalının təşkil etdiyi kampaniyanın məqsədi Gürcüstanın populyarlaşdırılması, ölkənin turizm, iqtisadi və mədəni potensialının möhkəmləndirilməsidir.

Kampaniya zamanı Gürcüstana yaradıcılqları müxtəlif nəsillərdən olan dinləyiciləri və musiqi janrlarını birləşdirən Bruno Mars, “Imagine Dragons”, “The Killers”, Damian Lazarus, “All Day I dream” kimi məşhur ifaçı və qruplar səfər edəcəklər.

Konsertlər Qara dəniz sahilindəki Şekvetili kurort qəsəbəsində yerləşən “Black Sea Arena” konsert zalı və “The Social Space” məkanında, həmçinin Tbilisidəki Boris Payçadze adına Dinamo Arenada və Mixeil Mesxi adına stadionda keçiriləcək.

Kampaniya Gürcüstan əhalisi, xüsusən də gənc nəsil üçün böyük maraq kəsb edir. Belə ki, onlar sevimli ifaçılarının canlı konsertlərində xaricə getmədən iştirak edə biləcəklər. Bundan başqa, bu, qonşu və digər ölkələrin sakinləri üçün də sevimli musiqiçilərinin canlı çıxışlarını dinləmək üçün çox yaxşı fürsətdir.

Layihə rəhbəri Tsitsi İaşvili bildirib ki, kampaniya Gürcüstan iqtisadiyyatına çox mühüm investisiya olacaq: “Ölkəmiz Cənubi Qafqazda aparıcı əyləncə istiqaməti kimi parıldayacaq. Bu il regionda bu miqyasda konsertlər planlaşdırılmayıb. Bu da Gürcüstanı ifaçıların bütün dünyadakı pərəstişkarları üçün cəlbedici ölkə edir. Bu, həmçinin qonşu ölkələrin sakinləri üçün də cəlbedici seçimdir. Belə ki, onlar Gürcüstandakı konsetlərə Avropa ilə müqayisədə daha aşağı qiymətə qatıla bilərlər”.

“Starring Georgia”nın ulduzları:

  • Avqustun 10-da müasir xaus və tek-xausun “sehrbaz”ı Damian Lazarus “The Social Space” məkanında elektron musiqini sevərləri fəth edib.
  • Avqustun 15-də “Black Sea Arena”da müasir musiqinin əfsanəvi qrupu “The Killers” çıxış edəcək.
  • Avqustun 18-də “The Social Space” məkanında “All Day I dream” bir sıra elektron musiqi tədbirləri keçiriləcək.
  • Avqustun 31-də Tbilisinin Mixeil Mesxi adına stadionunda “Imagine Dragons” qrupu çıxış edəcək.
  • Oktyabrın 1-də 2023-cü il mövsümünə əfsanəvi Bruno Marsın Tbilisidəki Dinamo Arena stadionunda möhtəşəm çıxışı ilə yekun vurulacaq.

Gürcüstanda ən isti “ulduz axını”na aparacaq ulduzları izləmək fürsətini qaçırmayın.

Biletləri “Black Sea Arena”nın www.bsa.ge saytından əldə etmək mümkündür.