Gürcüstan şirkətlərinin azad edilmiş ərazilərdə fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb

Biznes
  • 30 iyun, 2022
  • 12:51
Gürcüstan şirkətlərinin azad edilmiş ərazilərdə fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb

Gürcüstan şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə fəaliyyət göstərmək istəyirlər.

Bunu “Report”a Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov bildirib.

Onun sözlərinə görə, bir sıra sektorlar üzrə fəaliyyət göstərən şirkətlər Azərbaycanın Gürcüstandakı səfirliyinə müraciət edirlər: “Səfirliyə müraciət edən şirkətlər əsasən qeyri-neft sektorunu təmsil edirlər. Biz bu müraciətləri toplayıb, ümumiləşdirib, Azərbaycanın aidiyyatı qurumlarına göndərmişik”.

O vurğulayıb ki, ümumiyyətlə Azərbaycanda biznes fəaliyyəti göstərmək istəyən şirkətlər əsasən aqrar sahədə təmsil edilənlər üstünlük təşkil edir: “Şərab, mineral məhsulların istehsalı ilə məşğul olan şirkətlər, həmçinin qida sənayesində iştirak edən şirkətlər müraciət edirlər. Əlavə edim ki, iyunun 29-da Azərbaycanla Gürcüstan arasında keçirilən biznes forumda Gürcüstandan 40-a yaxın şirkət iştirak etmişdi. Azərbaycana gələn şirkətlər əsasən qida sektorunu təmsil edirdilər”.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 3 % artaraq 390 milyon 614 min ABŞ dolları təşkil edib. Gürcüstana ixrac 347 milyon 134 min ABŞ dolları, idxal isə 43 milyon 479 min ABŞ dolları təşkil edib.

Bu gün Gürcüstanda Azərbaycan kapitalı ilə üç mindən çox şirkət qeydiyyatdan keçib. Azərbaycanda Gürcüstan kapitallı 600-dən çox şirkət qeydiyyata alınıb.