Gürcüstan Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 31 % azaldıb

Biznes
  • 23 dekabr, 2024
  • 16:10
Gürcüstan Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 31 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycana 2,64 milyon ABŞ dolları dəyərində 86,6 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq 31 % azdır.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə noyabr ayında Azərbaycan qonşu ölkədən 220 min ABŞ dolları dəyərində 6,4 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar alıb. Bu, bir il əvvələ nisbətən müvafiq olaraq 26 % və 26 % azdır.

Bu ilin 11 ayında Gürcüstan xarici ölkələrə 12,45 milyon ABŞ dolları dəyərində 732 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2 % və 0,01 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 3,4 milyon ABŞ dolları dəyərində 364 ton, Türkiyəyə 1,9 milyon ABŞ dolları dəyərində 53 ton, Ermənistana 1,5 milyon ABŞ dolları dəyərində 152 ton, Koreya Respublikasına 1,4 milyon ABŞ dolları dəyərində 25 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.