Gömrük rəsmisi: "Elektron ticarətin genişlənməsi hüquqpozma sayını artırır"
- 20 fevral, 2026
- 16:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda elektron ticarətin genişlənməsi ilə gömrük sahəsində hüquqpozmaların sayı da artır.
"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Güloğlan Muradlı Bakıda keçirilən "Azərbaycan Hakimlərinin II Forumu"nda bildirib.
"Ötən il 36,4 mindən çox gömrük hüquqpozması qeydə alınıb. Gömrük orqanları ilə əlaqədar yaranan, məhkəmələrdə qeydiyyata alınmış işlərin sayında artım onu göstərir ki, müəyyən şəxslər çalışırlar ki, dövlətin ödənişlərindən yayınsınlar və yaxud digər hüquqpozmaları həyata keçirsinlər", - deyə o qeyd edib.
Gömrük rəsmisinin sözlərinə görə, ötən il Azərbaycanda 73 mindən çox hüquqi və fiziki şəxs 180 ölkə ilə xarici ticarət əməliyyatları həyata keçirib: "10 mindən çox adda mal idxal-ixrac olunub, milyonlarla sərnişinin, nəqliyyat vasitəsinin gömrük sərhədindən keçirilməsinə xidmət göstərilib".