Gələn il büdcədən “Təmiz Şəhər”ə subsidiyalar artırılacaq
- 04 noyabr, 2022
- 09:03
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin dövlət büdcəsindən “Təmiz Şəhər” ASC-yə ayrılan subsidiyaların həcmi bu illə müqayisədə 4,5 milyon manat və ya 13,5 % artırılacaq.
"Report" bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir.
Məlumata görə, gələn ilin büdcəsində satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində göstərilən xidmətlərə görə yaranmış zərərin örtülməsi üçün “Təmiz Şəhər” ASC-yə 7,5 milyon manat subsidiyanın ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, “Təmiz Şəhər” ASC Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” imzalanan sərəncamı ilə təsis edilib, 12 mart 2009-cu ildə isə fəaliyyətə başlayıb.
“Təmiz Şəhərə” ASC-yə Bakı şəhərində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalmaqla, tullantıların yerləşdirilməsi və zərərsizləşdiriləməsi tapşırılıb.
Ölkə başçısı tərəfindən 22 sentyabr 2021-ci il tarixində imzalanan sərəncamla “Təmiz Şəhər” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib və yeni tərkibdə müşahidə şurasının tərkibi təsdiqlənib. İlham Əliyev tərəfindən 22 iyun 2021-ci ildə imzalanan sərəncam və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlı 2 iyul 2022-ci il tarixli fərmanı ilə “Təmiz Şəhər” ASC-nin fəaliyyət dairəsi genişləndirilərək, işğaldan azad edilən ərazilərdə bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi “Təmiz Şəhər” ASC-yə həvalə edilib.