"Eximbanka SR" Qarabağda Slovakiya layihələrinin icrasını dəstəkləyəcək

Biznes
  • 16 iyul, 2026
  • 14:44
Eximbanka SR Qarabağda Slovakiya layihələrinin icrasını dəstəkləyəcək

Slovakiya İxrac-İdxal Bankı ("Eximbanka SR") maliyyə, sığorta alətləri və zəmanətlər vasitəsilə Slovakiya şirkətlərinin Azərbaycandakı perspektivli layihələrini dəstəkləməyə hazırdır.

"Report" banka istinadən xəbər verir ki, bu barədə "Eximbanka SR"in baş direktoru Rastislav Podqorets Slovakiya prezidentini müşayiət edən nümayəndə heyətinin tərkibində Azərbaycana işgüzar səfərinin yekunları üzrə bildirib.

Səfər çərçivəsində "Eximbanka"nın nümayəndələri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və Azərbaycanın Biznesin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurovla danışıqlar aparıblar. Tərəflər Slovakiya şirkətlərinin gələcək layihələrini, eləcə də onların maliyyələşdirilməsi və sığortalanması imkanlarını müzakirə ediblər.

"Danışıqların nəticələrinə görə, Azərbaycan bazarında Slovakiya həllərinə və nou-haularına konkret maraq var. "Eximbanka" səmərəli layihələri dəstəkləməyə və Slovakiya şirkətlərinə ölkədə fəaliyyətlərini genişləndirməyə kömək etməyə hazırdır", - R.Podqorets qeyd edib.

O vurğulayıb ki, Azərbaycan Slovakiya biznesi üçün perspektivli bazar olaraq qalır və əməkdaşlıq infrastruktur, tikinti, su təsərrüfatı və müdafiə sənayesi kimi sahələrdə inkişaf edə bilər.

İşgüzar səfərin əsas mövzularından biri Slovakiya şirkətlərinin artıq investisiya layihələri həyata keçirdiyi Qarabağ bölgəsinin bərpası və inkişafı olub. "Eximbanka SR" və onun maliyyə tərəfdaşları regionda Slovakiya layihələrinin gələcək inkişafını dəstəkləməkdə maraqlı olduqlarını təsdiqləyiblər.

Məlumatda qeyd olunub ki, tikinti sektorunda, xüsusən də layihələndirmə, layihələrin idarə edilməsi və tikintiyə nəzarət sahələrində fəaliyyət göstərən Slovakiya şirkətləri Azərbaycanda uzunmüddətli əlaqələrə, böyük təcrübəyə və möhkəm mövqelərə malikdirlər, onlardan da gələcək inkişaf və infrastruktur layihələrində istifadə edə bilərlər.

"Slovakiya şirkətləri Azərbaycanda yaxşı reputasiyaya və təsdiqlənmiş iş təcrübəsinə malikdirlər. Məqsədimiz onların əldə etdikləri nəticələrə əsaslanmaq və yeni layihələrdə iştirakını dəstəkləməkdir", - "Eximbanka"nın baş direktoru deyib.

"Eximbanka"nın nümayəndə heyəti həmçinin hər iki ölkənin sahibkarları və institusional tərəfdaşları ilə görüşlər keçirərək, əməkdaşlıq üçün konkret imkanları müzakirə ediblər.

Fəaliyyət tarixi ərzində "Eximbanka SR" Azərbaycana 300 milyon avrodan çox məbləğdə ixracı dəstəkləyib. Bankın ölkədəki ən böyük layihəsi çex tərəfdaşlarla birlikdə həyata keçirilən Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun tikintisi və infrastrukturunun modernləşdirilməsində iştirakı olub.

44 filmi