Ekspert: "Ermənistan Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz verməməlidir"
- 03 oktyabr, 2025
- 11:09

Ermənistan Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz verməməlidir.
"Report" xəbər verir ki, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin iqtisadçı-eksperti Malik Həsənov bildirib.
Onun sözlərinə görə, bu qanunsuz və beynəlxalq qaydalara zidd ticarət əlaqələri region üzrə mövcud iqtisadi vəziyyətə dair məlumatları təhrif edir və ciddi yanlışlıqlar yaradır: "Ermənistan məsuliyyətli və cəsarətli davranmalı, Rusiyaya sanksiyalardan yayınmaq üçün dəhliz verməməlidir. Bu Ukraynada sülh və sabitliyin bərpasına yönəlmiş qlobal səyləri zəiflədir və beynəlxalq hüququn pozulmasını təşviq edir".
Xatırladaq ki, bir neçə dəfə Azərbaycan QHT-ləri Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsul qurumların rəhbərlərinə açıq məktublar ünvanlayaraq, Ermənistanın idxal-ixrac əməliyyatlarını təftiş etməyə çağırıb. Bu çağırışlarda Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın idxal-ixrac əməliyyatlarında iqtisadi potensialına uyğun olmayan dəyişikliklərin müşahidə edildiyi faktlarla göstərilib.
Ekspert qeyd edib ki, "Ekonomiks" Ermənistanın idxal-ixrac əməliyyatlarının iqtisadi təhlilinə dair hesabatını ingilis dilində Avropa və ABŞ-da Rusiya-Ukrayna mövzusunu araşdıran beyin mərkəzlərinə də yollayacaq.