Dünya Bankı: “Azərbaycan, Gürcüstan və Qazaxıstanla Aİ arasında ticarət artacaq”

Biznes
  • 27 noyabr, 2023
  • 09:50
Dünya Bankı: “Azərbaycan, Gürcüstan və Qazaxıstanla Aİ arasında ticarət artacaq”

2023-cu ilə qədər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarət ilk növbədə Qazaxıstanın ixracı hesabına 37 %, bu üç ölkə ilə Avropa İttifaqı (Aİ) arasında ticarət isə 28 % arta bilər.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının açıqladığı hesabatda bildirilir.

Sənəddə deyilir ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Rusiya-Ukrayna müharibəsinin fonunda Çini Avropa ilə birləşdirən çoxtərəfli nəqliyyat dəhlizidir: "Bu dəhlizlə yüklər Çindən dəmir yolu ilə Qazaxıstana gətirilir, Xəzər dənizini keçərək Azərbaycana, oradan Gürcüstana, daha sonra isə ya Türkiyə, ya da Qara Dəniz vasitəsilə Avropaya daşınır. Türkiyədəki infrastruktur çatışmazlıqlarına görə hazırda operatorlar Qara dəniz marşrutuna üstünlük verir".

“Müharibə ticarət yollarını şaxələndirmək, iqtisadi dayanıqlığı artırmaq və Rusiyadan keçən dəhlizlərdən asılılığı azaltmaq üçün Orda Dəhlizə yeni perspektiv gətirib. 2022-ci ildə bu dəhlizlə konteyner daşımaları 2021-ci ilə nisbətən 33 % artıb. Ancaq dəhlizdə sərhəd keçidləri, nəqliyyat-koordinasiya problemləri, yükdaşımalarda yaranan gecikmələr sayəsində 2023-cü ildə konteyner daşımaları 37 % azalıb”, - deyə hesabatda qeyd olunub.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) araşdırmasına əsasən, 2022-ci ildə Aktau və Bakı limanları arasında konteyner daşımalarının ümumi həcmi təxminən 33 min TEU təşkil edib. Qazaxıstanın cənubundan (Orta Dəhliz vasitəsilə) 18 min TEU, şimalından isə 15 min TEU keçib.

Proqnozlara görə, 2025-ci ildə konteyner daşımaları 80 min TEU, 2030-cu ildə 110 min TEU, 2035-ci ildə isə 125 min TEU səviyyəsində gözlənilir.

44 filmi