WCO-nun təxirə salınan iclasları üçün mexanizmlər hazırlanır

Biznes
  • 23 aprel, 2020
  • 12:36
WCO-nun təxirə salınan iclasları üçün mexanizmlər hazırlanır
Səfər Mehdiyev

Ümumdünya Gömrük Təşkilatının (WCO) baş katibi Kunio Mikuriyanın sədrliyi ilə videokonfrans keçirilib.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, konfransda WCO şurasının sədri Dikson Kateşumbva, WCO-un Avropa regionu üzrə sədr müavini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, eləcə də Asiya və Sakit Okean regionu üzrə sədr müavini Pranab Kumar Das, Amerika və Karib regionu üzrə sədr müavini Ramirez Paniaqua, Şərqi və Cənubi Afrika regionu üzrə sədr müavini Filiso P. Valaşia, Yaxın Şərq və Şimali Afrika regionu üzrə sədr müavini Əhməd Əl Xəlifə, Qərbi və Mərkəzi Afrika regionu üzrə sədr müavini Toumani Sanqare iştirak ediblər.

Videokonfrans koronavirus (COVID-19) pandemiyasının davam etdiyini nəzərə alaraq yaranmış mövcud şəraiti qiymətləndirmək, Ümumdünya Gömrük Təşkilatının işinin davam etdirməsinə imkan verəcək alternativ mexanizmləri öyrənmək məqsədilə keçirilib.

Qeyd edək ki, konfransda əsasən WCO-un gələcək tədbirlərinin təşkili ilə bağlı məsələlər müzakirə edilib, Siyasi Komissiyanın 2020-ci ilin iyun ayında keçiriləcək sessiyalarının 2020-ci ilin dekabr ayınadək təxirə salındığı bildirilib. Həmçinin videokonfrans zamanı koronavirus (COVID-19) pandemiyası səbəbindən təxirə salınan WCO-nun iclasları üçün təklif olunan mexanizmlər, bu iclaslarda müzakirə olunacaq mövzular barəsində fikir mübadiləsi aparılıb.