Deputatlar vergi amnistiyası üzrə müddətin uzadılmasını təklif edirlər
- 20 dekabr, 2016
- 11:59
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan parlamentinin deputatları vergi amnistiyası üzrə müddətin uzadılmasını təklif ediblər.
"Report"un verdiyi xəbərə görə, belə təkliflə bu gün "Vergi ödəyicilərinin 2017-ci il 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin MM-in komitə iclasında müzakirəsi zamanı deputat Vahid Əhmədov çıxış edib. O bildirib ki, 3 aylıq müddət olduqca nadir bir haldır. Deputatlar bu müddətin 6 aya qədər uzadılması təklifini dəstəkləyiblər.
"Baxılmasına ehtiyac duyulan məsələ vaxt məsələsidir. 3 ay, yanvar-mart ayları təyin olunur. Bu üç ay maliyyə sistemində ən ağır aylardır. Birincisi, təşkilatların əksəriyyəti dövlət büdcəsi ilə əlaqədar olan təşkilatlardır. Maliyyə də martın 15-dən sonra bu təşkilatlara ayrılır. Sanksiyaların verilməsində müəyyən problemlər yarana bilər. Vaxt məsələsinə baxılması, 3 ay yox, 6 aya uzadılması yaxşı olar" - millət vəkili qeyd edib.
V.Əhmədov bildirib ki, həddindən çox borcu olan iri şirkətlərə vergi borclarını ödəməsi üçün müəyyən dəstək göstərilməlidir: "Bizi maraqlandıran əsasən vergi borcu olan dövlət təşkilatları deyil, qeyri-dövlət təşkilatları, iri şirkətlərdir. Elə qeyri-dövlət təşkilatları var ki, vergi borcları həddindən artıq çoxdur. Regionda 98 mln. manatdır. Bakı şəhərində isə 383 mln. manatdır. Əsasən çox borcu olan qeyri-dövlət şirkətlərinə baxmaq lazımdır. Onlara vergi borclarını ödəmək üçün müəyyən dəstək göstərilməlidir".