BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir

Biznes
  • 08 may, 2026
  • 12:18
BUƏB Azərbaycan biznesinin ticarətdə iştirakını genişləndirmək istəyir

Belarus Universal Əmtəə Birjası (BUƏB) öz ticarət platformasında Azərbaycandan olan ixracatçıların sayını artırmağı hədəfləyib.

"Report" xəbər verir ki, bunu Birjanın Xarici İqtisadi Fəaliyyət İdarəsinin rəisi Yaroslav Kovalçuk Bakıda keçirilən "Bizneslə açıq dialoq" mövzusunda seminarda bildirib.

Onun sözlərinə görə, bəzi müəssisələr, o cümlədən Azərbaycan müəssisələri təklif olunan qiymətləri qənaətbəxş hesab etmədiyi üçün ticarətdə iştirak etmirlər.

"Lakin birja platformamızın özəlliyi ondan ibarətdir ki, qiyməti məhz siz formalaşdırırsınız və hər bir şirkətin iştirakı birbaşa qiymətqoymaya təsir göstərir", - idarə rəisi vurğulayıb.

Kovalçuk dəqiqləşdirib ki, bu gün Azərbaycanla Belarus arasında birja əmtəə dövriyyəsinin əsasını taxta-şalban məhsulları təşkil edir.

"Biz kənd təsərrüfatı məhsulları bölməsində ticarət dövriyyəsinin artması tendensiyasını müşahidə edirik. Hazırda söhbət Belarusdan ixracın artmasından gedir. Lakin əsas məqsədimiz məhz Azərbaycandan Belarusa ixracatçıları cəlb etməkdir, çünki etiraf edim ki, Azərbaycan malları çox yüksək keyfiyyəti ilə tanınır", - Y.Kovalçuk əlavə edib.