Bakıda sənaye məhsullarının istehsalı 4 %-dən çox azalıb
- 30 iyun, 2025
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 21,1 milyard manat təşkil edib.
Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bu, 2024-cü ilin ilk 5 ayının göstəricisi ilə müqayisədə 0,9 milyard manat və ya 4,09 % azdır.
Bu ilin yanvar-may aylarında paytaxtda sənaye məhsulunun 74,9 %-i mədənçıxarma, 21,3 %-i emal, 2,8 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 81,5 % olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,7 %, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,3 % təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin iyunun 1-nə 428,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 56,7 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Qeyd edək ki, Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-may aylarında 26 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 % azdır. Məhsul istehsalı neft-qaz sektorunda 2,8 % azalıb, qeyri neft-qaz sektorunda isə 6,4 % artıb.