Bakıda Halal İqtisadiyyat Liderlik Forumu və AZHAB Forum keçiriləcək
- 12 iyun, 2026
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçiriləcək İslam İnkişaf Bankı (lsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyat" mövzusuna həsr olunmuş lsDB-nin Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu 2026 (AZHAB Forum) birgə təşkil olunacaq.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Məlumata görə, tədbir iyunun 16-da lsDB Qrupunun İllik Toplantıları çərçivəsində keçiriləcək Özəl Sektor Forumu (PSF 2026) daxilində təşkil olunacaq. HELF və AZHAB Forumunun güclü tərəflərini bir araya gətirəcək tədbir qlobal halal iqtisadiyyatın gələcəyi ilə bağlı dialoq, tərəfdaşlıq və əməkdaşlıq üçün unikal müzakirə platforması yaradacaq.
Qeyd edək ki, AZHAB Forumu artıq üçüncü dəfədir keçirilir. Forum haqqında ətraflı məlumatı www.azhabforum.az səhifəsindən əldə etmək olar.
HELF/AZHAB Forumu 2026 lsDB Qrupuna üzv və digər ölkələrdən yüksəksəviyyəli dövlət rəsmilərini, siyasətçiləri, sənaye liderlərini, maliyyə institutlarını, inkişaf təşkilatlarını, investorları və özəl sektor nümayəndələrini bir araya gətirəcək. Forumda etik halal biznes modelləri, halal KOB-lar, davamlılıq və yaşıl keçid, innovasiya və regional iqtisadi inteqrasiya mövzuları müzakirə ediləcək. Tədbirin məqsədi daha dayanıqlı, davamlı və qlobal əlaqələrə malik halal ekosistemlərin inkişafına töhfə verəcək praktiki tərəfdaşlıqların, investisiya imkanlarının, texniki əməkdaşlıq təşəbbüslərinin və bilik mübadiləsinin təşviq edilməsidir. Forum çərçivəsində "Strateji liderlik dialoqu: Etik halal biznes modelləri və dayanıqlı maliyyələşmə", "Halal sənayesinin liderləri: İnnovasiya, etimad və qlobal artımın hərəkətverici qüvvəsi", "Halal KOB-lar və davamlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv inkişaf", "Halal sənaye zonaları: aparıcı halal ekosistemin inkişafı" mövzularında panel müzakirələri təşkil olunacaq. Bundan başqa, "Davamlı regional inteqrasiya üçün halal iqtisadiyyatı" mövzusunda Nazirlər Sessiyası keçiriləcək. Sessiyada nazirlər və yüksəkvəzifəli dövlət nümayəndələri halal iqtisadiyyatı üzrə siyasət prioritetlərini və əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə edəcəklər.