Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğasının oriyentasiya günü keçirilib

Biznes
  • 09 dekabr, 2025
  • 15:24
Bakıda Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü dalğasının oriyentasiya günü keçirilib

Layihəyönümlü düşüncə tərzinin, liderlik bacarıqlarının və sosial təsir yaradan təşəbbüslərin inkişafına dəstək vermək məqsədilə həyata keçirilən Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğası üçün oriyentasiya günü keçirilib.

"Report"un məlumatına görə, oriyentasiya gününün məqsədi iştirakçıları yol xəritəsi, o cümlədən proqramın əsas komponentləri olan təlim modulları, mentor dəstəyi, layihələrin inkişafı və praktiki mühitdə icra prosesi ilə ətraflı tanış etməkdir.

Bununla bağlı keçirilən tədbirdə proqramın direktoru Leyla Seyidzadə Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan Azad Mirzəcanzadənin irsinin müasir elmi və praktiki yanaşmalarla sıx uzlaşdığını vurğulayıb, proqramın məqsədləri və iştirakçıları qarşıda gözləyən inkişaf mərhələləri barədə məlumat verib.

Qeyd olunub ki, proqramın üçüncü dalğasında iştirak edənlərin təxminən 60%-i Xankəndi, Lənkəran, Quba, Mingəçevir, Gəncə və digər şəhər və rayonların payına düşüb ki, bu da Proqrama ölkə üzrə marağın və əlçatanlığın böyük olduğunun göstəricisidir.

Milli Məclisin deputatı Hicran Hüseynova insan resurslarının inkişafı baxımından ömürboyu öyrənmənin, şəxsi inkişafın, müasir bilik və bacarıqlara yiyələnməyin vacib rol oynadığını bildirib və Azad Mirzəcanzadə inkişaf proqramının bu prosesə töhfə verdiyini vurğulayıb.

Lənkəran Dövlət Universitetinin dosenti Vüsalə Muradova Azad Mirzəcanzadə ilə bağlı xatirələrini bölüşərək, onun elmi prinsip və yanaşmalarının bu günün çağırışlara uyğun olduğunu diqqətə çatdırıb.

"Paşa Holdinq"in İnnovasiyalar departamentinin rəhbəri və Azad Mirzəcanzadənin yaratdğı texniki-humanitar liseyin məzunu Tuğra Musayeva təhsil aldığı illərin onun düşüncə tərzinə və peşəkar inkişafına təsirindən danışıb, iştirakçılarla strateji inkişaf yanaşmalarını bölüşüb.

Tədbirdə iştirak edən proqramın əvvəlki dalğalarının qalibləri təcrübələrini təqdim edərək, layihələrin yaranmasından icrasına qədər keçdikləri yolu izah ediblər. Qaliblərin praktiki məsləhətləri, tövsiyələri və şəxsi uğur hekayələri böyük maraqla qarşılanıb.

Tədbir zamanı həmçinin "Notion" əsaslı rəqəmsal çoxfunksiyalı idarəetmə platforması təqdim olunub. Bu platforma iştirakçılar və mentorlar arasında fasiləsiz əməkdaşlıq, layihələrin sistemli idarə olunması və təlim prosesinin daha səmərəli təşkili üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azad Mirzəcanzadə inkişaf proqramına qeydiyyat davam edir, öz ideyasını inkişaf etdirmək istəyən şəxslər proqrama qoşula bilərlər.

Son xəbərlər

Bütün Xəbər Lenti