AZPROMO və Tekstil İxracatçıları Assosiasiyası yerli istehsalatın inkişafında səylərini birləşdirib
- 07 oktyabr, 2025
- 11:13

Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə AZPROMO Azərbaycanın tekstil sənayesinin inkişafı üçün səylərini gücləndirir.
"Report"un məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən "Tekstil sektorunun inkişafı və qlobal inteqrasiya" mövzusunda seminarda bildirib.
T.Hacılının sözlərinə görə, AZPROMO Assosiasiya ilə birlikdə Azərbaycanın beynəlxalq bazarlarda mövqeyinin gücləndirilməsi üçün məqsədyönlü iş aparır.
"Biz ölkənin tekstil sahəsinin inkişafı üçün səy göstəririk. Yerli istehsalçılarla birlikdə beynəlxalq sərgilərdə iştirak edir, Azərbaycan tekstilini xaricdə təmsil edirik. 2026-cı il üçün də bir sıra sərgilər və təqdimat tədbirləri planlaşdırılır. Bundan əlavə, Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə əməkdaşlığımız çərçivəsində bir sıra görüşlər baş tutub".
O qeyd edib ki, eyni zamanda, tekstil sənayesinin rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş bir neçə təşəbbüs həyata keçirilib: "Əminəm ki, dövlətin və biznesin birgə səyləri ilə Azərbaycan tekstilini yeni səviyyəyə çıxara biləcəyik".