AZPROMO "Made in Azerbaijan" brendinin təşviqi üçün SOCAR-la əməkdaşlığı genişləndirmək istəyir

Biznes
  • 12 iyun, 2018
  • 08:24
AZPROMO Made in Azerbaijan brendinin təşviqi üçün SOCAR-la əməkdaşlığı genişləndirmək istəyir

Bakı. 12 iyun. REPORT.AZ/ "Bu il Azərbaycan hökuməti müxtəlif ölkələrin 50 bazarı ilə bağlı araşdırma aparacaq". 

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində görülən işlər və qarşıda duran vəzifələrə dair mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, prioritet ölkələr Çin və Rusiya olacaq. 

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı yanacaqdoldurma məntəqələrində "Made in Azerbaijan" brendi altında məhsullar təqdim edilib. Bu işin SOCAR-ın digər ölkələrdəki yanacaqdoldurma məntəqələrində təşkil olunması istiqamətində danışıqlar aparılır", - o qeyd edib. 

Y.Abdulayevin sözlərinə görə, bu il 12 ölkəyə ixrac missiyasının təşkil olunması, 6 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur: "Gələn il iştirak edəcəyimiz sərgilərin sayı isə 10-a çatdırılacaq. İxrac missiyalarının keçiriləcəyi ölkələrin sayı isə 20-yə çatdıra bilər".