"AzerGold" vergi ödənişlərini iki dəfədən çox artırıb
- 31 oktyabr, 2025
- 13:18
 
                            
                            
                        Bu ilin yanvar-sentyabr aylarında "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) vergi ödənişlərini ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artırıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, "AzerGold" tərəfindən dövlət büdcəsinə 34,1 milyon manat vergi ödənilib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 101,2 % və ya iki dəfədən çox artım deməkdir (ötən ilin 9 ayında 16,9 milyon manat olub).
Bildirilib ki, fəaliyyətə başladığı dövrdən bu günədək "AzerGold" QSC tərəfindən dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) edilən ödənişlərin ümumi məbləği 237,8 milyon manat təşkil edib: "Bu məbləğin 35,1 milyon manatını DSMF-ya edilən ödənişlər, 202,8 milyon manatını isə vergi ödənişləri təşkil edib. Bu ilin 9 ayında 6,6 milyon manat məbləğində vəsait Dövlət Sosial Müdafiə Fonduna köçürülüb".
