Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq
- 12 oktyabr, 2026
- 15:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Kamboca əməkdaşlıq üzrə yol xəritəsi hazırlayacaq.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Kamboca Biznes Forumunda deyib.
"Bugünkü müzakirələrimiz həm bizim, həm də kambocalı həmkarlarımız üçün həyata keçirilməsi istiqamətində aydın istiqamətlər və imkanlar yaradır. Artıq müvafiq işçi qrupunun fəaliyyətə başlaması və müvafiq yol xəritəsinin hazırlanması ilə bağlı ilkin razılıq əldə etmişik", - o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan Kambocanın investisiya təcrübəsini öyrənməkdə maraqlıdır: "Biz əlverişli investisiya mühitinin yaradılmasını sənaye parkları vasitəsilə həyata keçirməyə çalışırıq. Kambocada tətbiq olunan çox cəlbedici və səmərəli oxşar rejimlə bağlı təcrübə mübadiləsi aparmaq imkanını yüksək qiymətləndirirəm. Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası ixracyönümlü istehsal və yüksək əlavə dəyərli xidmətlər üçün xüsusi hüquqi və vergi çərçivəsi təmin edir. İnvestisiyanın təşviqi sertifikatına malik olanlar yeddi il müddətində vergi və gömrük güzəştlərindən faydalanırlar".
M.Cabbarov bildirib ki, bundan başqa, Azərbaycan Kamboca istehsalçıları üçün regional istehsal və paylama bazası ola bilər: "Azərbaycan coğrafi baxımdan yerləşdiyi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına təbii olaraq bağlıdır və bu regionlar arasında təbii əlaqələndirici rolunu oynayır. Eyni zamanda, daha qərbdə Türkiyə və Avropa, daha şərqdə isə Çin və digər Asiya ölkələri ilə əlaqələnir. Kamboca istehsalçıları üçün Azərbaycan daha geniş regiona çıxış imkanı yaradan istehsal və paylama bazası rolunu oynaya bilər".