Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 32 % artıb
- 17 iyul, 2023
- 07:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi 802 milyon 444 min ABŞ dolları təşkil edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə 31,9 % çoxdur.
İl ərzində ixrac əməliyyatları 2,4 dəfə artaraq 146 milyon 690 min ABŞ dolları, idxal əməliyyatları isə 1,3 dəfə artaraq 655 milyon 754 min ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycan Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini və idxal əməliyyatlarını ən çox Türkmənistan ilə, ixrac əməliyyatlarını isə Qazaxıstan ilə aparıb. Ən az göstərici həm ixracda, həm də idxalda Tacikistanla müşahidə olunub.
Türkmənistanla Azərbaycan arasında ticarət dövriyyəsi 485 milyon 464 min ABŞ dolları, həmçinin ixrac 46 milyon 425 min ABŞ dolları, idxal isə 439 milyon 39 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi və idxal əməliyyatları 3,8 dəfə, ixrac isə 4,2 dəfə artıb.
Qeyd edilən dövrdə Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 218 milyon 150 min ABŞ dolları, həmçinin ixrac 60 milyon 180 min ABŞ dolları, idxal əməliyyatları isə 157 milyon 970 min ABŞ dolları təşkil edib. 2022-ci ilin analoji dövrünə nisbətən ticarət dövriyyəsi 1,4 dəfə, idxal 1,9 dəfə azalıb, ixrac isə 2,5 dəfə artıb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Özbəkistan ilə ticarət dövriyyəsi 80 milyon 7 min ABŞ dolları, həmçinin ixrac əməliyyatları 23 milyon 458 min ABŞ dolları, idxal isə 56 milyon 549 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsində 1,09 dəfə, idxalda 1,01 dəfə azalma, ixracda isə 1,05 dəfə artım qeydə alınıb.
Qırğızıstanla ticarət əməliyyatları 17 milyon 38 min ABŞ dolları, həmçinin ixrac 14 milyon 882 min ABŞ dolları, idxal isə 2 milyon 156 min ABŞ dolları təşkil edib. Keçən ilin müvafiq dövrünə nisbətən ticarət dövriyyəsi 4 dəfə, ixrac 15,7 dəfə artıb, idxal isə 1,5 dəfə azalıb.
Azərbaycanın Tacikistanla ticarət dövriyyəsi 1 milyon 785 min ABŞ dolları, həmçinin ixrac 1 milyon 745 min ABŞ dolları, idxal isə 40 min ABŞ dolları təşkil edib. İl ərzində ticarət əməliyyatları və ixrac 1,4 dəfə azalıb, idxal isə 1,4 dəfə artıb.