Azərbaycanın ilk vençur fondu hər startapa ayrılacaq investisiyanı 4 dəfə artıra bilər
- 26 oktyabr, 2023
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
"Caucasus Ventures" vençur fondu hər startapa ayrılacaq investisiyanın həcmini, fəaliyyətindən asılı olaraq, 200 min ABŞ dollarına qədər artıra bilər.
"Report" xəbər verir ki, bunu Fondun rəhbəri Məmməd Kərim jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Fond tərəfindən hər startapa ilk olaraq minimum 50 min ABŞ dolları dəyərində maliyyə ayrılır və hazırda 6 startap maliyyələşdirilib: "Maliyyə ayrılan startaplardan 3-ü Azərbaycana, digər 3-ü isə Türkiyə, Qazaxıstan və Gürcüstana aiddir. Startaplar fitnex, təhsil, turizm və digər sahələri əhatə edir. Məqsədimiz regional fond kimi fəaliyyət göstərmək və regionun potensialını dəyərləndirməkdir. İndiyədək təxminən 200-ə yaxın startap layihəsi ilə tanış olmuşuq".
Xatırladaq ki, “Caucasus Ventures” vençur fondu 2022-ci ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə innovasiya ekosisteminin inkişafı üçün yaradılıb.
Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb.