Azərbaycanın İƏT ölkələri ilə ticarət əlaqələri: TOP-3
- 23 avqust, 2023
- 13:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkədən ən çox Türkiyə, Türkmənistan və İranla ticarət əməliyyatları aparıb.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 7 ayda Türkiyə ilə ticarət dövriyyəsi 4 milyard 746 milyon 119 min ABŞ dolları, Türkmənistanla 568 milyon 54 min ABŞ dolları, İranla isə 279 milyon 881 min ABŞ dolları təşkil edib. Türkiyə ilə ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə, Türkmənistanla 3,6 dəfə artıb, İranla isə dəyişməyib.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi İƏT üzv ölkələri sırasında da ilk üçlükdədir. Belə ki, Türkiyədən idxal 1 milyard 323 milyon 60 min ABŞ dolları, Türkmənistandan idxal 515 milyon 267 min ABŞ dolları, İrandan isə 269 milyon 426 min ABŞ dolları olub. Bu ölkələrlə idxal keçən ilin analoji dövrünə nisbətən müvafiq olaraq 1,08 dəfə, 3,5 dəfə və 1,03 dəfə artıb.
Azərbaycanın İƏT üzv ölkələrinə ixracında isə ilk üçlükdə Türkiyə, İndoneziya və Qazaxıstan qərarlaşıb. Türkiyəyə ixrac 3 milyard 423 milyon 59 min ABŞ dolları, İndoneziyaya 89 milyon 135 min ABŞ dolları, Qazaxıstana 68 milyon 609 min ABŞ dolları təşkil edib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən Türkiyəyə ixrac 1,5 dəfə, Qazaxıstana 2,1 dəfə artıb, İndoneziyaya isə 1,1 dəfə azalıb.
Sudan (170 ABŞ dolları), Surinam (2 490 ABŞ dolları) və Mozambik (3 510 ABŞ dolları) Azərbaycanla ən az ticarət əməliyyatları aparan İƏT üzv ölkələridir.
Azərbaycan İƏT üzvü olan ölkələrdən Kot-divuar (1 310 ABŞ dolları), Qayana (5 010 ABŞ dolları) və Kamerunla (14 min 60 ABŞ dolları) ən az ixrac, Sudan (170 ABŞ dolları), Qayana (190 ABŞ dolları) və Mali (240 ABŞ dolları) ilə ən az idxal əməliyyatları aparıb.
İƏT üzvü olan 56 ölkədən 7-si ilə heç bir ticarət əməliyyatı həyata keçirilməyib. Bu ölkələr Benin, Çad, Cibuti, Somali, Qambiya, Qvineya və Komordur.