Azərbaycanın aparıcı kabel istehsalçısı zərərdən mənfəətə keçib
- 30 may, 2022
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azərkabel” ASC 2021-ci ili 38 min manat xalis mənfəətlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 2020-cu ildən 12 min manat zərərlə çıxmışdı.
“Report” xəbər verir ki, ötən il “Azərkabel”in satışdan gəlirləri 149 min manat (əvvəlki ilə nisbətə 6,5 dəfə az), satışının maya dəyəri isə 109 min manat (9 dəfə az), əmək haqqı xərcləri 40 min manat (48,1 % az), amortizasiya xərcləri 28 min manat (9,7 % az), DSMF xərcləri 7,6 min manat (2 dəfə az), bank xidmətləri 11 min manat (4,2 dəfə az), sair xərcləri isə 21 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri 2 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərkabel”in aktivləri 6,056 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,1 % azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 2 % azalaraq 3,265 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 2,791 milyon manat səviyyəsində qalıb.
Xatırladaq ki, “Azərkabel” 1959-cu ildən fəaliyyət göstərən eyni adlı müəssisənin bazasında, 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 869 min manatdır. Müəssisə ölkənin aparıcı kabel istehsalçısıdır.