Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq

Biznes
  • 03 may, 2023
  • 11:42
Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq

İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində bildirib. 

Nazir qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.

“Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti” ilə vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır. Bu məqsədlə nazirlikdə şirkətlə görüş keçirilib. Naziri M.Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq və qardaşlıq münasibətləri, verdikləri tapşırıqların icrası iqtisadi əməkdaşlıq potensialından səmərəli istifadə edilməsində önəmlidir. Azərbaycan və Türkiyə arasında uğurlu iqtisadi-ticarət və investisiya tərəfdaşlığının həyata keçirildiyi diqqətə çatdırılıb. Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi isə iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq.

Bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın gücləndirilıməsi və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanlarını artıra bilər.

“Azərbaycan İnvestisiya Şirkəti” və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret Anonim Şirkəti" arasında imzalanmış əməkdaşlıq müqaviləsinin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir. Sənədə əsasən, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi planlaşdırılır. Zavodun istehsal etdiyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur. 

44 filmi