Azərbaycanda hansı hallarda qızıla investisiya etmək sərfəli olar?

Biznes
  • 07 oktyabr, 2021
  • 10:41
Azərbaycanda hansı hallarda qızıla investisiya etmək sərfəli olar?

Qızıl külçələrin alınıb-satılması dünyada geniş yayılmış investisiya alətlərindən hesab edilir. Azərbaycanda isə qızıla investisiya edilməsinə maraq azdır.

İqtisadçı ekspert Rəşad Həsənov “Report”a açıqlamasında bunun səbəblərini şərh edib:

“Bu günə qədər bu sahə Azərbaycanda o qədər də geniş inkişaf etməyib. Bunun bir səbəbi kütlənin özünün ciddi investisiya bacarıqlarının olmamasıdır. Ən əsası da qızıl əsasən zinət əşyası kimi alınıb-satılıb. Yaşlı və orta nəslin nümayəndələri qızıl alışına xərclənən pulun itmədiyini, alınana qızılın “dar günün yardımı” olduğunu düşünüb. Amma peşəkar investisiya baxımından bu günə qədər Azərbaycanda formalaşmış mühit o qədər də səmərəli olmayıb. Çünki insanlar əsasən qızılı zinət əşyası kimi alıb. Lakin onu satan zaman külçə olaraq geri alınır və burda artıq əməyin dəyəri itirilir. Buna görə də ciddi qiymət fərqi ortaya çıxır. Bu şərtlərdə Azərbaycanda peşəkar investorlar üçün qızıla investisiya o qədər də maraqlı görünmür.

Amma son dövrlərdə ölkədə bu bazar formalaşmaqdadır. Yəni külçə qızılın alınıb-satılması bazarında bir qədər genişlənmə var. Düzdür, bu bazara pandemiya müəyyən qədər təsir göstərdi, amma pandemiyadan əvvəl qızılın qiymətinin dünya bazarı ilə uyğunlaşdırılması istiqamətində də bir meyillilik hiss olunurdu.

Ekspert bildirib ki, bazarın riskli olması bu sahəyə marağı azaldır:

“Problem odur ki, Azərbaycanda qızıl bazarı o qədər də böyük deyil və qızıl məmulatları əsasən idxal olunur. Burda dövriyyə sürəti aşağıdır. Məsələn, ay ərzində 3-4 dəfə ölkəyə bazardakı əsas idxalçılar tərərfindən məhsul gətirilir. Bu say isə bazardakı dinamikliyə uyğunlaşmağa imkan vermir. Tutalım, bu gün Türkiyə və ya Dubay bazarında qızıl alıb ölkəyə gətirmisiz. Burda gətirilmə müddəti itirilmiş zaman hesab olunur və məhsulun son istehlaka çatdırılmasına qədər müəyyən vaxt keçir. Bu dövr ərzində dünya bazarında qiymət aşağıya doğru dəyişir. Yuxarıya doğru dəyişmə olanda bizim investorlar daha tez qiymət uyğunlaşdırılmasına gedirlər. Amma aşağıya doğru qiymət dəyişibsə, onlar əllərindəki məhsulu ucuz satmalı olurlar. Azərbaycanda bu sahəyə marağın olmamasının səbəbi bu sahənin bir qədər riskli olmasıdır”.

R.Həsənov xarici bazarlardakı vəziyyətdən misallar çəkib:

“Məsələn Türkiyə bazarında alış və satış qiymətləri arasında 1 % fərq var və qiymət 5 % dəyişdiyi halda qızıla investisiya edən qazanc əldə edə bilir. Bizdə isə alış və satış arasında qiymət fərqi bəzən 30-40 %-ə çatır. Külçə qızılda isə bu 5-7 % arasında dəyişir. Bu o deməkdir ki, alan tərəf ən azı 7 % qiymət bahalaşdığı təqdirdə gəlir əldə edə bilər. Marjinal mənfəətə çatmaq üçün investor daha böyük risklərlə üzbəüz qalır. Belə problemlər Azərbaycanda bu bazarın zəif inkişafına şərait yaradır. Amma bazarın genişlənməsi üçün kifayət qədər imkanlar var. Bildiyim qədərilə, hökumət bazarın şaxələndirilməsi istiqamətində strategiya hazırlayıb. O strategiyanın icrası bazarın inkişafına müəyyən qədər kömək edə bilər. Eyni zamanda bazara əlverişli məhsullar təklif olunmalıdır. Məsələn, Türkiyədə bazarda qızıl qəlplər satılır. Bunun 1/4, yarı və bütöv halda olanları var. Fərqli sosial qrupların imkanlarına uyğun olaraq məhsullar yaradılıb bazarda təklif edirlərsə, bazarda müəyyən qədər genişlənmə olar”.

Onun fikrincə, qızıl külçələrin satışında standart qiymətin olması düzgün yanaşma deyil "Çünki investorlar bazarda qiymət dəyişmələrinə uyğun qərar qəbul edirlər. Sabah bazarda qiymət azalanda nə olacaq? Satış təşkil edərkən dünya bazarı ilə uyğunlaşdırma aparılmalı, günbəgün qiymətlərdə dəyişikliyə gedilməlidir. Çünki bu investisiyadır və zinət əşyası kimi alınmır. Bəzi günlər olub ki, bir unsiya qızılın qiyməti dünya bazarında 80 ABŞ dolları qədər azalıb. Bu, 33 unsiyada 3 min ABŞ dollarına yaxın pul edir. Belə rəqəmlərin ortaya çıxması investorların qərar qəbul etməsinə təsir göstərə bilər”, - iqtisadçı əlavə edib.

44 - Tezliklə