Azərbaycanda bu il gömrük orqanlarının xətti ilə dövriyyədən çıxarılmış narkotik vasitənin həcmi 1 tonu keçib
- 28 sentyabr, 2018
- 11:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bu ilin əvvəlindən Dövlət Gömrük Komitəsi (DGK) 1,014 tondan artıq narkotik vasitə aşkar edirək qanunsuz dövriyyədən çıxarıb".
“Report”un məlumatına görə, bunu DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarında bildirib.
Onun sözlərinə görə, bütün bu narkotik vasitələrin müxtəlif gizlətmə üsulları ilə ölkəyə keçirilməsinə cəhd edilib: “Bu il gömrükçülər kişmiş üzümünün arasında narkotik vasitənin keçirilməsinə cəhd ediblər. Bundan sonra bütün gömrük orqanları üzüm mallarını ciddi şəkildə yoxlayırlar. Ancaq narkotik qaçaqmalçıları bir üsuldan bir dəfə istifadə edirlər. Bir hal aşkar edildikdən sonra onlar bir daha bu üsuldan istifadə etmirlər. Narkoqaçaqmalçılar elə marşrutlar seçirlər ki, bu marşrut şübhə doğurmasın”.
Gömrük rəsmisi onu da bildirib ki, çox vaxt bu narkotik vasitələri qanunsuz dövriyyədən çıxarmaq üçün əldə edilmiş əməliyyat məlumatlarından istifadə edilir: “Ümumilikdə, 2016-cı ildən bu günə qədər 2,1 tondan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb ki, bunun da 90%-i heroindir. Bu narkotiklərin böyük həcmi ölkəmizə İrandan gətirilir və Azərbaycan ərazisindən tranzit kimi istifadə edilərək Avropaya ötürülür. Düşünürəm ki, bütün bunlar DGK əməkdaşlarının daha operativ işləməsi sayəsində əldə edilib”.
F.Ələsgərlinin sözlərinə görə, bir çox hallarda narkotik vasitələrin ölkəyə qanunsuz gətirilməsi faktlarında bacı-qardaş, ər-arvad belə iştirak edir. Onlar da bu narkotik vasitələrin ölkəyə qanunsuz keçirilməsində ağlasığmaz müxtəlif üsullardan istifadə edirlər: “Bir çox hallarda narkotikləri bədən boşluqlarında və cinsiyyət orqanlarında keçirməyə cəhd göstərirlər”.
Gömrük rəsmisi onu da əlavə edib ki, bir çox hallarda ətir və kosmetik məhsulların qanunsuz olaraq ölkə ərazisinə gətirilməsinin də qarşısı alınır: “Bu, bir çox hallarda mülkiyyət hüququ sahiblərinin hüquqlarının pozulmasıdır. Bu yaxınlarda tanınmış şirkətlərin istehsalı olan bir konteyner şampunun ölkəyə idxal edilməsinin qarşısını almışıq. Bu şampunların ölkəmizə gətirilməsi mülkiyyət hüququnun pozulması ilə yanaşı, insan sağlamlığına da zərər verə bilər”.
O həmçinin qeyd edib ki, dəfələrlə qızılquş quşlarının da Azərbaycandan çıxarılmasının qarşısı alınıb.
Aqşin Rafiqoğlu