Azərbaycanda Belarusla birgə siqaret istehsalı müəssisəsi yaradıla bilər
- 17 dekabr, 2016
- 10:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan iş adamları Belarusdan olan tərəfdaşları ilə Azərbaycanın xalçaçılıq, meyvə-tərəvəz, şərabçılıq, tütün, pambıqçılıq məhsullarının, meyvə şirələrinin və s. Belarusa ixracına dair 40-a yaxın niyyət protokolu və müqavilə imzalayıblar.
"Report"un verdiyi xəbərə görə, imzalanma Azərbaycan nümayəndə heyətinin Belarusa səfəri çərçivəsində Belarusun Ticarət-Sənaye Palatasında “Biznes sahəsində Belarus-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri” mövzusunda keçirilən işgüzar görüş çərçivəsində baş tutub.
Qeyd edək ki, iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Belarusda səfərdədir. Səfərin məqsədi Belarusun aidiyyəti qurumları ilə iqtisadi-ticarət əməkdaşlığının, Azərbaycan sahibkarlarının Belarusun biznes dairələri ilə əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirə edilməsidir.
Səfərin ilk günü - dekabrın 15-də iqtisadiyyat naziri Şahin Mustafayevin Belarus Respublikası baş nazirinin birinci müavini Vladimir Semaşko ilə görüşündəkənd təsərrüfatı, ticarət, sənaye, tranzit, əczaçılıq, turizm və s. sahələr prioritet əməkdaşlıq istiqamətləri kimi qeyd olunub, bu sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdən keçirilib. Görüşdə Belarusda Azərbaycan Ticarət Evinin yaradılmasına dair müzakirələr aparılıb və ilkin razılıq əldə olunub.
Nazir Şahin Mustafayev qeyd edib ki, ölkələr arasında 30-dan çoxu iqtisadi sahədə olmaqla, ümumilikdə 100-dən artıq sənəd imzalanıb. Azərbaycanda Belarus kapitallı 30, Belarusda isə Azərbaycan sərmayəli 60 şirkət fəaliyyət göstərir. Ticarət əlaqələrinin genişləndirilməsi, əczaçılıq və kənd təsərrüfatı sahələrində birgə müəssisələrin yaradılması, Belarus şirkətlərinin Azərbaycanda yaradılmış sənaye zonalarında və aqroparklarda iştirakı, maşınqayırma sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bundan başqa, Belarus Azərbaycanın tranzit imkanlarından da istifadə edə bilər.
Belarusun Qida sənayesi üzrə Dövlət Konserninin rəhbəri Aleksandr Zabello ilə keçirilmiş görüşdə qida sənayesi sahəsində Azərbaycan-Belarus əlaqələrinə və əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb. Ş.Mustafayev Azərbaycanın aqrar sənaye məhsullarının, o cümlədən şərab, pambıq və tütünün Belarusa ixracı üçün potensialı diqqətə çatdırıb.
Görüşdə Belarus şirkətlərinin Azərbaycanda yaradılan aqroparklarda iştirakı imkanlarına, kənd təsərrüfatı sahəsində, eləcə də Azərbaycanda birgə siqaret istehsalı müəssisəsinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, iş adamlarının təklifləri dinlənilib.
Belarusun Antiinhisar tənzimlənməsi və ticarət naziri Vladimir Koltoviç ilə keçirilən görüşdə Ş.Mustafayev ticarət sahəsində əməkdaşlığın Azərbaycan-Belarus əlaqələrinin mühüm istiqamətlərindən olduğunu və 2016-cı ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin 6% artdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin genişləndirilməsi və diversifikasiyası üçün geniş potensial mövcuddur. Ş.Mustafayev bu potensialın reallaşdırılması üçün Azərbaycanın ixrac missiyasının Belarusa səfərinin təşkili, meyvə-tərəvəz, şərab, meyvə şirələri, yun, fındıq və s. məhsulların Belarusa ixracı, Belarusun tütün məmulatlarının Azərbaycana idxalı imkanlarını diqqətə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin Belarusun səhiyyə naziri Vasiliy Jarko ilə keçirdiyi görüşdə nazir Şahin Mustafayev qeyd edib ki, Belarus şirkətləri də Pirallahı Sənaye Parkında rezidentlər üçün yaradılan əlverişli imkanlardan istifadə edə və burada əczaçılıq məhsullarının istehsalını təşkil edə bilərlər.
İqtisadiyyat naziri Belarusun sənaye naziri Vovk Mixayloviçlə keçirilmiş görüşündə bildirilib ki, Gəncə Avtomobil Zavodu ilə Minsk traktor və avtomobil zavodları arasında səmərəli əməkdaşlıq həyata keçirilir, Azərbaycanda Belarus texnologiyaları əsasında traktor, yük avtomobili, qoşqu və digər avadanlıqlar yığılır. Bununla belə, bu sahədə əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür.