Azərbaycan xalça ixracının coğrafiyasını genişləndirir
- 29 dekabr, 2021
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan xalçalarının Avropada, Cənubi Koreyada, BƏƏ-də təqdimatının və satışının həyata keçirilməsi istiqamətində işlər aparır.
Bunu “Report”a “Azərxalça” ASC-nin sədri Emin Məmmədov deyib.
O deyib ki, Avropanın ən qabaqcıl əl xalçaları ilə məşğul olan təşkilatla əməkdaşlıq istiqamətində danışıqlar aparılır: “Ümidvaram ki, 2022-ci ildə müqaviləmiz bağlanacaq. Avropanın müxtəlif şəhərlərində, onların şou-rumlarında (sərgi) bizim xalçalar nümayiş etdiriləcək. Həmçinin, Cənubi Koreya ilə də işləməyə başlamışıq. Dubay şəhərində də bu yaxınlarda bizim xalçalar həm nümayiş üçün, həm də satış üçün təqdim ediləcək, yəni orda da fəaliyyətə başlayacağıq. Ümidvarıq ki, satışlarımız artacaq. Bu bizim əsas istiqamətlərimizdən biridir, bu işin öhdəsindən gəlməyə çalışacağıq”.
E.Məmmədov Rusiya bazarı istiqamətində həyata keçirilən işlərlə bağlı danışarkən qeyd edib ki, 2021-ci ilin sentyabr ayının 14-16-da keçirilmiş Rusiyanın ev tekstili, interyer parçaları və dekor materialları sahəsi üzrə ən iri beynəlxalq “Heimtextil Russia 2021” sərgisində iştirak ediblər: “Milli irsimiz olan Azərbaycan xalçaları Moskvada ilk dəfə xüsusi milli stenddə nümayiş edilib. Biz sentyabrda xalçalarımızı Rusiyaya aparanda Gömrük Komitəsindən bildirdilər ki, bu, Rusiyaya son beş il ərzində ilk xalça ixracı idi”.
O vurğulayıb ki, Rusiyaya aparılan xalçaların hamısı satılır, heç biri Azərbaycana qayıtmır: "Azərbaycan xalçaları öz yerlərini müasir interyerlərdə, mərkəzlərdə tapacaqlar. Sərgilər zamanı sifarişlər olur, sonra isə müxtəlif təşkilatlarla müqavilələr bağlayırıq. Yüzdən çox xalça artıq Rusiyaya ixrac edilib".
E.Məmmədovun sözlərinə görə, 2 həftə əvvəl Moksva şəhərinin ən böyük dizayn məktəbi ilə birgə tədbir təşkil edilib: "Moskvada tanınmış məşhur interyer dizaynerlərə həm klassik, həm də yeni, müasir Azərbaycan xalçalarını təqdim etdik".
O, Qarabağ xalçalarının yeni formada toxunmasına münasibət bildirib: “ Ənənəvi Qarabağ xalçalarını toxuyuruq. Klassik çeşnələrlə ( Xalçanın ornamental kompozisiyası əvvəlcə çeşnə adlanan damalı kağıza köçürülür) bütün növ Qarabağ xalçaları “Azərxalça” tərəfindən toxunur. Həmçinin, biz konseptual gənc və tanınmış xalçaçı rəssamlarımızı cəlb edirik. Çünki əsas istiqamət odur ki, bizim Azərbaycan xalçaları inkişaf etsin. Bütün mədəniyyət növləri inkişaf edir. Niyə Azərbaycanın xalçaçılıq sənəti inkişaf etməsin?! Bütün tanınmış, konseptual rəsssamları dəvət edirik ki, ənənəvi xalçanın üzərində müasir xalçalar yaratsınlar, məhz bu xalçalar yüz il sonra dünya muzeylərində 21-ci əsrin xalçaları kimi nümayiş etdiriləcək. Bizim də işimiz budur ki, bizim xalçaçılıq sənətimiz inkişaf etsin və gələcəkdə hərraclarda, muzeylərdə 21-ci əsrin Azərbaycan xalçaları məhz bu xalçalar olsun. Əsas hədəflərimiz gözəl, yüksək keyfiyyətli xalçalar toxunmasıdır, həm xarici bazarda, həm daxili bazarda öz yerini tapmasıdır”.
Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 may 2016-cı il tarixli sərəncamına əsasən "Azərxalça" ASC yaradılıb.