Azərbaycan vətəndaşları Türkiyədə ev alışını 17 % artırıb
- 19 iyun, 2025
- 14:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 337 mənzil alıblar.
Bu barədə “Report” Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49 mənzil və ya 17 % çoxdur.
Təkcə may ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 75 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 10 mənzil və ya 15,4 % çoxdur.
May ayında Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda 6-cı yerdə qərarlaşıb.
Bu ilin yanvar-may aylarında Türkiyədə xarici vətəndaşlara ümumilikdə 7 831 mənzil satılıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 261 mənzil və ya 13,9 % azdır.
Təkcə mayda isə xaricilər Türkiyədə 1 782 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 297 mənzil və ya 14,3 % çoxdur.
Hesabat dövründə Türkiyədə ən çox mənzil alanlar yenə də Rusiya vətəndaşları olub. Onlara ötən 5 ay ərzində 1 329 mənzil satılıb. Bu isə bir il öncəki göstərici ilə müqayisədə 762 ədəd və ya 36,4 % azdır.
Təkcə mayda isə rusiya vətəndaşları Türkiyədə 274 mənzil alıblar ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 163 ədəd və ya 37,3 % azdır.
Növbəti yeri İran vətəndaşları tutublar. İranlılara yanvar-may aylarında bu ölkədə 709 mənzil satılıb ki, bu da illik müqayisədə 205 ədəd və ya 22,4 % azdır.
May ayında iranlılara 133 mənzil satılıb ki, bu isə bir il öncəki göstərici ilə müqayisədə 74 mənzil və ya 35,7 % çoxdur.
İlk 3-lüyü isə Almaniya qapadır. Yanvar-may aylarında Almaniya vətəndaşları Türkiyədə 460 mənzilə sahib olublar. Bu da 2024-cü ilin 5 ayı ilə müqayisədə 54 mənzil və ya 13,3 % çoxdur.
May ayında isə almanlar Türkiyədə 127 mənzil alıblar ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 23 mənzil və ya 22,1 % çoxdur.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan vətəndaşları Türkiyədə 866 mənzil alıblar.