Azərbaycan ÜTT ilə sosial-iqtisadi inkişaf hədəflərini müzakirə edib
- 07 iyul, 2023
- 08:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə xarici ticarət əlaqələrini və sosial-iqtisadi inkişaf hədəflərini müzakirə edib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
Nazirin sözlərinə görə, müzakirələr onun İsveçrənin Cenevrə şəhərinə səfəri çərçivəsində, Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun sədri Alparslan Acarsoyla keçirdiyi görüşdə baş tutub.
Nazir həmçinin Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı İşçi Qrupun Cenevrədə keçirilən 15-ci iclasında iştirak etdiyini, ölkəmizin dayanıqlı iqtisadi inkişafı, beynəlxalq ticarətə inteqrasiya ilə bağlı fikirlərini bölüşdüyünü, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verdiyini qeyd edib.
***
Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, M.Cabbarov A.Acarsoyla yanaşı, ÜTT-nin baş direktoru xanım Ngozi Okonyo-İveala ilə də görüşüb. Görüşdə ölkəmizin təşkilatla əməkdaşlığı, Azərbaycan iqtisadiyyatının və xarici ticarət əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.
Nazir Azərbaycanın sosial-iqtisadi inkişaf məqsədləri barədə məlumat verərək, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə önəm verildiyini, ölkəmizlə ÜTT ölkələri arasında əməkdaşlığın inkişafını, o cümlədən ÜTT-yə üzvlüklə bağlı görülən işlərin əhəmiyyətini qeyd edib. Azərbaycanda iqtisadi sferada həyata keçirilən islahatlar, əldə olunan nəticələr, əlverişli işgüzar mühit və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.
Görüşdə ÜTT ilə əlaqələrin gücləndirilməsi imkanları, ölkəmizin təşkilat üzvləri ilə əməkdaşlığının prioritet istiqamətləri, ÜTT-yə üzvlüklə bağlı atılan addımlar, habelə, Azərbaycan iqtisadiyyatının dünyada mövqeyi və ticarətin liberallaşdırılması üçün görülən işlər barədə müzakirələr aparılıb.