Azərbaycan Ukraynadan MDF lövhələrin alışını bərpa edib

Biznes
  • 29 yanvar, 2025
  • 10:45
Azərbaycan Ukraynadan MDF lövhələrin alışını bərpa edib

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 50,16 milyon ABŞ dolları dəyərində 13 milyon 831 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 % azdır, kəmiyyət olaraq – 1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 31,35 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 9 % azdır) 9 milyon 770 min kvadratmetr (-3 %), Türkiyədən 8,1 milyon ABŞ dolları dəyərində (-2 %) 1 milyon 199 min kvadratmetr (+9 %), Belarusdan 6,92 milyon ABŞ dolları dəyərində (-6 %) 2 milyon 168 min kvadratmetr (+2 %), Çindən 2,34 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 364 min kvadratmetr (+4 dəfə), İrandan 1 milyon ABŞ dolları dəyərində (+33 %) 264 min kvadratmetr (+13 %) material alıb.

Azərbaycan 1 il 4 aylıq fasilənin ardından Ukraynadan tədarükü (51,28 min ABŞ dolları dəyərində 0,29 min kvadratmetr) bərpa edib.

2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 55,7 milyon ABŞ dollarlıq MDF lövhənin 65,6 %-i Rusiyanın payına düşüb.